Bakının 23 saylı orta məktəbinin direktorunun işdən çıxarılması həmin təhsil müəssisəsinin müəllimlərinin etirazına səbəb olub. Məktəbin qarşısına toplaşan kollektiv direktor İradə Rəhimlinin yenidən işinə qaytarılmasını istəyirlər. Narazı müəllimlər bildirir ki, İradə müəllimə onlarla 36 ildir çiyin çiyinə işləyib və aralarında heç bir problem yaşanmayıb.
Rus dili müəllimi, Afət Abdullayevanın sözlərinə görə, İradə xanım kollektivin lideri olmaqla yanaşı, həm də onların anası olub.
Direktor müavinin sözlərinə görə, ərizəsi qəbul edilən direktorla bağlı yekun qərar verilməyib.
Mətbuatda yayılan məlumata görə, 23 saylı məktəbin direktoru müəllimlərdən hər sinifdən 2 min manat pul yığmağı tələb edib. Deyilənə görə, direktor bu istəyini məktəb binasının tikintisi ilə əlaqələndirib. Direktorun da məhz bu səbəbdən işdən azad edildiyi söylənir. Lakin müəllim kollektivi bütün bunları şayiə adlandırır. Üstəlik yeni məktəb binası Heydər Əliyev fondunun maliyyə dəstəyilə tikilib. Bütün bu ittihamlara son qoymaq üçün direktor İradə Rəhimli ilə telefon əlaqəsi saxladıq. İradə xanım bildirdi ki, bir neçə gün əvvəl direktorların iştirakı ilə keçirilən iclasda onu məktəbdə baş verən hallarla bağlı danlayıblar. Daha sonra Təhsil Nazirliyinə çağırılaraq ərizəsi alınıb. Lakin İradə Rəhimli deyilən ittihamlarla razılaşmır. Bildirir ki, heç 1 manatda pul yığılmasından söhbət gedə bilməz.
Təhsil Nazirliyindən 23 nömrəli məktəbin direktorunun işdən azad edilməsi faktını təsdiqlədilər. Nazirlikdən ANS-ə bildirildi ki, araşdırmalar qanunvericilik və etik normalar çərçivəsində aparılıb. Azərbaycan konistitusiyasına görə görə hər bir vətəndaşın məhkəməyə, dövlət qurumlarına müraciət etmək hüququ var.