Bu gündən Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqat dövrü başlayır.
Trend-in məlumatına görə, sentyabrın 16-dan oktyabrın 8-i saat 8:00-a qədər qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçki kampaniyasını apara biləcəklər.
Xatırladaq ki, qeydə alınan prezidentliyə namizədlər aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev
2. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə,
3. Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev
5. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
6. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə
7. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev
8. "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli
9. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov
10. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu.
Qeyd edək ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim etmişdir.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.