DİN Xaçmazda iş adamına qarşı törədilən quldurluq cinayəti ilə bağlı məlumat yayıb
- 16.09.2013, 15:05,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi Xaçmazda iş adamına qarşı törədilən quldurluq cinayəti ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 4-də səhər saatlarında rayon sakini, iş adamı Ələmdar Zeynalov bir qrup şəxsin ona qarşı quldurluq etməsi barədə polisə məlumat verib.
Zərərçəkmiş bildirib ki, səhər evdən çıxıb işə gedərkən həmin şəxslər ona xəsarət yetirərək içərisində 24 min ABŞ dolları, 14 min manat və 262 min rus rublu olan çantasını zorla qaçırıblar.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törədən şəxslərin izinə düşüblər. Daxili işlər orqanlarının əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu quldurluqda iştirak etmiş şəxslərdən 2 nəfərini – Xətai rayon sakini, 29 yaşlı Famiq Qurbanov və Nərimanov rayon sakini, 25 yaşlı Yusif Nəsibovu Bakı şəhərində tutublar.
İstintaq araşdırmaları ilə məlum olub ki, saxlanılan şəxslər hələlik axtarışda olan digər 2 nəfərlə qabaqcadan əlbir olaraq Ə.Zeynalova qarşı quldurluq etməyi əvvəlcədən planlaşdırıblar. Onlar iş adamının hər gün evdən külli miqdarda pulla çıxdığını müəyyənləşdiriblər: “Famiq Qurbanov dostu Yusif Nəsibova bildirib ki, Xaçmaz rayonuna yas mərasiminə getmək lazımdır. Dəstə üzvləri Yusif Nəsibovun 10 KK 301 dövlət nişanlı “Niva” markalı avtomobili ilə Xaçmaza gəliblər. Şəhərin girişində avtomobilin dövlət nömrə nişanlarındakı rəqəmlər flamasterlə rənglənərək dəyişdirilib. Dəstə üzvləri Ələmdar Zeynalovun yaşadığı ünvana gələrək bir qədər kənarda pusquda dayanıblar. O, əlində torba evdən çıxdıqda Famiq Qurbanov və digərləri hücuma keçiblər. Onlar iş adamının baş nahiyəsindən yumruqla vuraraq yerə yıxıb, daha sonra isə pulları götürərək qaçıblar. Quldurluq yolu ilə əldə edilən pullar Bakı şəhərində dəstə üzvləri arasında bölünüb. Famiq Qurbanov payına düşən pullarla “BMW” markalı avtomobil alıb. Lakin elə həmin gün maşınla qəza törədib. Saxlanılarkən Famiq Qurbanovun üstündən 1 ədəd “Zastava” tipli tapança və 15 ədəd güllə də aşkarlanaraq götürülüb”.
Əvvəllər də məhkum olunmuş Famiq Qurbanov hadisədən əvvəl narkotik maddə olan tiryək və marixuanadan istifadə etdiyini etiraf edib. Polis əməkdaşları dəstənin qaçıb gizlənmiş digər üzvlərinin də axtarışlarını davam etdirir. Zərərçəkmişə dəymiş ziyanın geri qaytarılması istiqamətində də tədbirlər görülür.
Daxili İşlər Nazirliyi hadisəni törədən şəxslərin, həmçinin onların istifadə etdiyi tapança və avtomobilin fotosunu APA-ya təqdim edib.