Bakının 16 yaşlı yeniyetmənin üstünə benzin tökərək yandıran ata həbs olundu

Bakının Buzovna qəsəbəsində 16 yaşlı yeniyetmənin üstünə benzin tökərək yandıran ata həbs olunub.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 10-da saat 01:30 radələrində Buzovna qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nəciməddin Əsgərovun yaşadığı evin qarşısında üstünə benzin tökülərək yandırılması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilib.

A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 14-də N.Əsgərov xəstəxanada vəfat etdiyindən həmin iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi Xəzər rayon prokurorluğuna həvalə edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri