"Mənim Prezidentim" mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib

"Mənim Prezidentim" mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib Bakıda Azərbaycanın əməkdar artisit Tünzalə Ağayeva və "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun iştirakı ilə "Mənim Prezidentim" klipininin təqdimat mərasimi keçirilib. Bu mahnı "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun himnidir.

Trend-in məlumatına görə, T.Ağayevanın ifa etdiyi "Mənim Prezidentim" mahnısının sözləri İsmayıl Dadaşova, musiqisi isə müğənninin özünə məxsusdur. Klipin rejissoru əməkdar incəsənət xadimi Ülviyyə Könüldür. Klipdə Tünzalə Ağayeva Gülnarə Xəlilovanın Modalar evindən olan paltarlarda çəkilib. İçərişəhərdə baş tutan klipin çəkilişlərində mindən artıq gənc iştirak edib.

Təqdimat mərasimində "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun üzvləri, "İrəli" İctimai Birliyinin rəhbəri Rauf Mərdiyev, məşhur modelyer Gülnarə Xəlilova, ölkənin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

T.Ağayeva bildirib: "Belə bir layihədə iştirak etmək mənim üçün şərəfdir. Mən burada böyük ruh yüksəkliyi və iftixar hissi ilə iştirak etmişəm. Qeyd etmək xoşdur ki, Azərbaycanın bütün radiostansiyalarında və sosial şəbəkələrdə təqdim olunan kompozisiya əsl hit oldu və ona görə də biz bu mahnıya klip çəkdirməyi qərara aldıq. Bütün yaradıcılıq kollektivinə, rejissor Ülviyyə Könülə, mənim yaradıcılığıma daim dəstək verdiyinə görə Gülnarə Xəlilovaya, rəqs nömrələrinə görə xoreoqraf Nailə Məmmədzadəyə, xüsusilə də çəkilişlərdə könüllü iştirak edən gənclərə minnətdarlığımı bildirirəm".

Ü.Könül rejissor kimi bu işdən böyük həzz alıb: "Altı saatdan ox davam edən çəkilişlər maraqlı kadrlarla yadda qaldı. Minlərlə gəncin iştirakı ilə improvizə olunan fleşmob çəkiliş prosesinə xüsusi rəng qatdı. Mən işdən böyük həzz aldım və bu layihəni könüllülərin aksiyası adlandırmaq olar. Çünki minlərlə gənc və çəkilişlər zamanı öz təşəbbüsü ilə bizə qoşulmaq istəyənlər işə böyük məsuliyyət və sevgi ilə yanaşdılar".

Təqdimat mərasimi zamanı çıxış edən gənclər təşkilatlarının nümayəndələri Nərgiz Hüseynova (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı - ATGTİ) və Niyaz Əliyev ("İrəli" İctimai Birliyi) yaradıcı kollektivə təşəkkür edib və vurğulayıblar ki, layihə gənclər arasında böyük marağa səbəb olub və ölkə regionlarında təqdimatının keçirilməsi planlaşdırılır.

"Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Prezident İlham Əliyevin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədilə yaradılıb.

Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri