Azərbaycanda Xəzər dənizində ən ağır qazma konstruksiyası quraşdırılıb
- 16.09.2013, 16:35,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəzərin Azərbaycan sektorunda istismar olunan «Qərbi Çıraq» platformasının üst modulları «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunda təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılıb.
«BP-Azerbaijan» şirkətindən APA-ya verilən məlumata görə, bundan əvvəl isə üst modullar Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi kimi inşa olunduğu Bibi-Heybətdəki «ATA» (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsindən uğurla yola salınıb. Üst modulların dənizdə montajı və istismar sınağının ilin sonunadək başa çatacağı gözlənilir.
Üst modulların tikintisində Xəzərdə ilk dəfə tətbiq olunan bir sıra yeni texnologiya və avadanlıqdan istifadə olunub ki, bu da uzun illər təhlükəsiz və etibarlı əməliyyatlar üçün yüksək standartları təmin edir.
Qeyd edək ki, üst modulların tikintisi 2010-cu ilin iyul ayında başlanıb və 2013-cü ilin iyul ayında başa çatıb. Bundan sonra isə quruda təqribən 2 ay qalan istismar sınaq işləri aparılıb. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə həyata keçirilib və bu işlərə sərf olunmuş təxminən 20 mln. adam/saat ərzində heç bir qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb.
«Öz tamamlanmış 19 500 ton çəkisi ilə «Qərbi Çıraq» platformasının üst modulları Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə belə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş «ATA» tikinti-quraşdırma sahəsində büsbütün ölkə daxilində inşa edilib. Tikinti işlərinin aparıldığı 3 il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub - subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4 000 nəfər cəlb edilib ki, bunun da 90%-ə qədəri yerli işçilər olub», - deyə şirkətin məlumatında bildirilib.
AÇG layihəsində BP (operator – 35,78%), ARDNŞ (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və ONGC (2,72%) şirkətləri iştirak edir.