Qaxda yeni inşa edilən evdə partlayış olub, iki nəfər yaralanıb

Qax rayonunda yeni inşa edilən evdə partlayış baş verib. APA-nın məlumatına görə, hadisə sentyabrın 16-da axşam saat 21:00 radələrində rayonun Zərnə kəndində Məmmədov Əfəndi Abdulhəmid oğluna məxsus, yeni inşa edilən birmərtəbəli, ümumi sahəsi 150 kv.m olan 4 otaqlı evdə baş verib.

Ustalıq fəaliyyəti ilə məşğul olan rayonun Turaclı kəndinin sakini, 1993-cü il təvəllüdlü Hüseyinli İsmayıl Əli oğlu və rayonun Marsan kəndinin sakini, 1984-cü il təvəllüdlü İbişov Yalçın İbiş oğlu evin döşəməsinə “dolğu” adlanan kimyəvi boyanı sürtən zaman evdə qəfildən partlayış olub. Partlayışdan sonra İsmayıl Hüseynlinin və Yalçın İbişovun işlədiyi otaqda və evin eyvanında qısamüddətli alovlanma baş verib. Alovlanma nəticəsində evin eyvanının tavan hissəsinə vurulmuş “lanbir” 10 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının səyi nətəcəsində evin yanmasının qarşısı alınıb.

İsmayıl Hüseynli və Yalçın İbişov isə aldıqları müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Qax MRX-dan APA-ya verilən məlumata görə, xəstəxanaya yanıq xəsarətləri ilə daxil olan İsmayıl Hüseynliyə bədəninin 45 faizi yandığı üçün I və II dərəcəli texniki yanıq diaqnozu qoyulub. İ.Hüseynlinin vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Yalçın İbişovun bədənində yanıq xəsarətləri yüngül olduğu üçün xəstəxanada ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə almaq üçün evə buraxılıb.

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri