Prezident Qubada

Prezident Qubada Prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunan bina şəhərin gözəlliyini daha da artırır. Üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib.


Diqqətə çatdırılıb ki, Quba Rayon İcra Hakimiyyətinin hazırda yerləşdiyi bina 1959-cu ildə inşa olunub. Bina təmir olunsa da iş şəraiti üçün əlverişli deyildi. Yeni bina Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşir. Binanın inşasına ötən ilin avqustunda başlanılıb, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.


Foyedə ölkəmizin inkişafında böyük xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət stend quraşdırılıb. Burada Ulu Öndərin müxtəlif illərdə Quba rayonuna səfərlərini əks etdirən fotolar xüsusilə böyük maraq doğurur.


Binanın interyeri zövqlə tərtib olunub. Ümumilikdə binada 35 iş otağı var. Geniş otaqlarda hər cür şərait yaradılıb. Ən müasir tələblər səviyyəsində qurulan 250 yerlik akt zalı müasir səs sistemi ilə təchiz olunub. Burada rayonun ictimai-siyasi həyatı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Binada müasir avadanlığın quraşdırıldığı 50 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Binada vətəndaşların qəbulu üçün ayrıca otaq da yaradılıb. Burada vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün geniş imkanlar var.


Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldular. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.
Şərhlər
Siyasət bölməsinin xəbərləri