İTV: Cəmil Həsənli təşviqat üçün ayrılmış ödənişsiz efir vaxtından əlavə 6 dəqiqə 12 saniyə çıxış edib
- 20.09.2013, 14:50,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) sentyabrın 19-da prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında baş verənlərlə bağlı açıqlama yayıb.
Şirkətin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, 19 sentyabr 2013-cü ildə İctimai Televiziyada keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizədlərin təşviqatına həsr edilmiş dəyirmi masada, qeydə alınmış prezidentliyə namizəd Cəmil Həsənli təşviqat üçün ayrılmış efir vaxtından istifadə edərək, digər həmkarına cavab verib, sonra isə əsassız şəkildə yenidən vaxt tələb edib.
“Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymayıb, çıxışını davam etdirib. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə, o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə...
Sonda dəyirmi masanın müddəti proqramda nəzərdə tutulduğundan xeyli artıq çıxıb. Onu da vurğulayaq ki, efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə pislənilir. Bunu İTV-nin elektron poçtuna gələn məktublar və tamaşaçı və dinləyici zəngləri də təsdiqləyir”.
İTV-dən bildirilib ki, 19 sentyabr 2013-cü ildə keçirilmiş dəyirmi masanın videoyazısı araşdırılması üçün MSK-ya göndərilib.