Əli Həsənov: Prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir

Əli Həsənov: Prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir Prezidentliyə namizədlərin hərəkətləri, davranışları, işlətdikləri ifadələr, özlərini aparmaları, bir-birlərinə münasibətləri nümunə olmalıdır. Onların hər biri Azərbaycanı idarə etmək iddiasında olan, bunun üçün çalışan insanlardır. Ona görə də prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir. Bunu Trend-ə prezidentliyə namizədlərin sentyabrın 19-da İTV-dəki debatında yaşanan xoşagəlməz hallara münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov deyib ki, bütövlükdə götürəndə baş verənlər seçki prosesi üçün xoşagələn hal deyil: "Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz. İnsanlar televiziya qarşısında oturur və prezidentliyə namizədlərin çıxışlarını gözləyirlər. Vətəndaşlar qarşıdakı illərdə onları nələr gözlədiyini, hansı alternativ layihələrin, təkliflərin olduğunu öyrənmək istəyirlər. İnsanlar namizədlərdən konkret təklif, layihə, inkişafa xidmət edən ideyalar gözləyirlər. Amma onların televiziyada qarşılıqlı şəkildə ittihamlarla çıxış etmələri, bir-birlərinə qarşı təsdiqini tapmamış kompromatlar irəli sürmələri, belə kompromatlarla günahlandırmaları ilə rastlaşanda vətəndaşlar bunu yaxşı qarsalamırlar, məyus olurlar. Hakimiyyət buna müdaxilə etmək niyyətində deyil".

PA rəsmisinin sözlərinə görə, prezidentliyə namizədlərin oradakı hərəkətlərinə nəzər salınsa görmək olar ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var.

Ə.Həsənov deyib ki, Azərbaycanda hazırkı seçki prosesi və durum tam normalıdır, dünya standartlarına uyğundur, azad, ədalətli, demokratik seçki keçirilməsinə imkan verir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri