Bakıda kanaldan meyiti tapılan qadının əri tərəfindən qətlə yetirildiyi müəyyənləşib
- 20.09.2013, 22:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda su kanalından tapılan naməlum qadın meyitinin şəxsiyyəti müəyyənləşib.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin qadının, Lerik rayon sakini, 1991-ci il təvəllüdlü Şəbnəm Kərəm qızı Namazova olduğu məlum olub.
Polisdən həmçinin bildirilib ki, araşdırmalar zamanı Ş. Namazovanın əri, 1987-ci il təvəllüdlü Şahin Mirsəməd oğlu Əliyev tərəfindən qətlə yetirildiyi ortaya çıxıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ş. Əliyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. O, polisə verdiyi ilkin ifadəsində həyat yoldaşını vuraraq su kanalına saldığını etiraf edib. Su kanalında köməksiz vəziyyətdə qalan Ş. Namazova boğularaq ölüb.
Qeyd edək ki, sentyabrın 18-də Hövsan qəsəbəsindən keçən su kanalında 25-30 yaşlarında naməlum qadın meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun üzərində hər-hansı xəsarət və zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin versiyaya görə, qadın kanalda boğularaq dünyasını dəyişib.