Bakıda quraşdırılmış yeni növ işıqforların sayının artırılacağı istisna edilmir
- 02.05.2013, 15:55,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda test olaraq quraşdırılan yeni növ işıqforların işində hələ ki, heç bir nasazlıq qeydə alınmayıb. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən bildiriblər.
Yeni işıqforlar İntellektual Nəqliyyat Sisteminin tərkib hissəsi olaraq NİİM tərəfindən idarə olunur. Həmin avadanlıqların texniki parametrlərinin paytaxtın şəraitinə daha da uyğunlaşdırılması, nəqliyyatın hərəkətində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə tənzimləmə işləri bundan sonra da davam etdiriləcək. İlkin olaraq, işıqforların fəaliyyəti əsasında hesabatlar hazırlanıb müvafiq qurumlara təqdim ediləcək. Yeni işıqforlarla bağlı hər hansı problem yaranmazsa, gələcəkdə onların sayının artırılması istisna edilmir.
Qeyd edək ki, NİİM tərəfindən Bakının Üzeyir Hacıbəyov və A.Puşkin küçələrinin kəsişməsində quraşdırılmış və LED sistemi ilə təchiz edilən 2 işıqfor bu il aprelin 9-da istifadəyə verilib. Onların quraşdırılmasında məqsəd sürücülərin işıqforlardakı siqnalı görməməsi problemini aradan qaldırmaqdır. Sürücülər yeni işıqforu daha uzaqdan görə bilirlər. Belə ki, işıqforun özü ilə paralel dirəklərində də müvafiq olaraq qırmızı, sarı və yaşıl işıq yanır.
Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat görmələri üçün də şərait yaradılıb.
İşıqforun fərqliliyi həm də onunla bağlıdır ki, LED sistemindən istifadə elektrik enerjisinə 80 faizə qədər qənaət etməyə imkan yaradır.