Xəzərdə batmış, amma hələ də çıxarılmamış gəmilər var (VİDEO)

Xəzərdə batmış, amma hələ də çıxarılmamış gəmilər var (VİDEO) Bakı buxtasında 100-ə yaxın batmış gəmi hələ də çıxarılmayıb. Batan və ya batırılan gəmilərin sudan çıxarılması iqtisadi cəhətdən səmərəlidir.

Bunu Live.az ANS-ə istinadın xəbər verir.

Azərbaycanda sonuncu dəfə 2002-ci ilin oktyabrın 22-də Xəzər sularında batan ən iri “Merkuri- 2” gəmi bərəsi bu günə qədər çıxarılmayıb. Buna səbəb kimi dənizin 130 metr dərinliyinə batan “Merkuri-2” gəmi-bərəsinin böyük xərc tələb etməsi göstərilir. Qazaxıstanın Aktau-Bakı marşrutu ilə hərəkət edən Xəzər dəniz gəmiçiliyinin “Merkuri-2” gəmi-bərəsi 11 il bundan əvvəl Bakıdan 130 km aralıda Dədə Qorqud üzən qazma qurğusunun 10 km-liyində qəzaya uğrayıb. Həmin vaxt gəmidə 42 nəfər heyət üzvü, 8 sərnişin, 2 min tondan çox xam neft olub. Xilasetmə işləri nəticəsində cəmi 9 nəfər xilas edildi, 4 nəfərin isə meyiti tapıldı. Neftin dənizə dağılması nəticəsində eni 8, uzunluğu isə 15 kilometr olan ləkə yarandı.

“Merkuri-2” Xəzərin Azərbaycan sahillərində su altında qalan 100-ə yaxın gəmidən yalnız biridir.

Bakı buxtasında batan və ya texniki cəhətdən batırılan bu gəmilərdən bu günə qədər yalnız 15-i çıxarılıb.

Bu gəmilər arasında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olanlar üstünlük təşkil edir.

ARDNŞ-ın Ekologiya idarəsinin baş mühəndisi Yaqub Ağasıyev: “Sovet dönəmində metal qırıqlarına o qədər də ehtiyac yox idi. Ona görə də, bu tip gəmilər dalğaqıran kimi dənizdə batırılırdı. 29 gəmi xırda tonnajlı gəmidir ki, onlar Kirov adasında batırılıb. Nargin adasında isə Moskva və Babazadə kimi gəmilər batırılmışdı”.

Bu gəmilərin çıxarılmasına 2006-2010-cu illəri əhatə edən Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks “Tədbirlər planı” çərçivəsində start verilib. İllərdir Xəzərin sahil sularının 10 metrdən çox dərinliyində qalan quru yük gəmisi dalğıc və kran gəmilərinin köməyi ilə sudan çıxarılaraq emal üçün Poladəritmə zavoduna təhvil verilib. Proqram çərçivəsində Bakı buxtası yalnız suda batan gəmilərdən deyil, həm də köhnə hidrotexniki qurğulardan da təmizlənib. Onu da deyək ki, batmış gəmi və köhnə hidrotexniki qurğuların sudan çıxarılması prosesində yerli texnikadan istifadə olunub və yerli mütəxəssislər iştirak edib. Amma işlər hələ ki, tamamlanmayıb.

Dövlət Neft Şirkəti Xəzərin Azərbaycan sahillərində batan gəmilərini demək olar ki, hamısını çıxarıb. İndi şirkət işlərini iki gəminin hissələrini çıxarmaq üzrə qurub. Onlar da Moskva və Babazadə sərnişin gəmiləridir.

Bakı buxtası Xəzər dənizinin ən çirkli hissələrindən biridir. Coğrafi əhəmiyyəti və neft-qaz daşınmalarına görə, uzun illər buxta intensiv çirklənməyə məruz qalıb. Buxtanı çirkləndirən amillər sırasında xüsusi qeyd olunan batmış və ya batırılmış gəmilərin sudan çıxarlımasının həm dənizin ekoloji təmizlənməsinə, həm də iqtisadi cəhətdən gəlirlərin artmasına böyük təkan verəcək.

Xəzər sularında batan gəmilərin aşkar olunması istiqamətində kəşfiyyat işləri bu günə qədər davam etdirilir.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri