Azərbaycanda bunyavirus xəstəliyi başlayandan tələf olan iribuynuzlu heyvanların sayı açıqlanıb
- 21.09.2013, 09:48,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkədə aparılan müalicə tədbirləri sayəsində iribuynuzlu heyvanlar arasında bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmanın sayı günbəgün azalmaqdadır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, hazırda 582 baş heyvanda simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən müalicə) müalicə tədbirləri aparılır.
Xəstəliyin yayılma arealında və rayonların sayında da ciddi azalma müşahidə edilir. Belə ki, xəstəlik qeydə alınmış rayonların sayı 41-dən 20-yə enib. Hazırda havaların nisbətən sərinləşməsi xəstəliyin azalmasına, virus daşıyan qansoran həşəratların aktivliyinin xeyli zəifləməsinə gətirib çıxarıb.
Xəstəlik başlayandan indiyədək 148 baş iribuynuzlu heyvanın tələf olması qeydə alınıb. Bu isə ümumi müalicəyə cəlb edilmiş heyvanların 0,06%-ni təşkil edir. Tələf olma hadisələri bu xəstəlikdən yox, yanaşı gedən, o cümlədən qan-parazitar və digər xəstəliklərdən baş verib. Tələf olan heyvanlar baytar həkimlərinin nəzarəti altında üzərinə xlorlu əhəng səpilərək basdırılır və ərazi dezinfeksiya edilir. Xəstəlik başlayandan indiyədək 204 baş iribuynuzlu heyvanda balasalma qeydə alınıb. Balasalma hadisəsi baş vermiş təsərrüfatlar da baytarlıq-sanitariya tədbirləri həyata keçirilmiş, ərazi dezinfeksiya olunub. Xəstəliyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə, sağlam heyvanlarda çimizdirilmə, ərazidə isə dezinfeksiya tədbirləri aparır.