2015-ci ilin sonuna kimi Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq

2015-ci ilin sonuna kimi Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq 2015-ci ilin sonuna ilk dəfə olaraq Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.


Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək.


2013-cü ilin oktyabrında Gəncə şəhərinin və Şəki rayonunun sistematik ölçmələrlə həyata keçiriləcək kadastr layihələrinin tərtibinə başlanılacaq. 2 il 6 ay ərzində bu iki ərazi subyekti üçün əmlak idarəçiliyində istifadə olunan bütün məlumatları özündə ehtiva edəcək elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq.


Komitə tərəfindən aparılan kadastr işləri, eyni zamanda, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır. Son illərdə komitə 100-ə yaxın irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə kadastr işi ilə dəstək verib.


İlk olaraq ölkədə daşınmaz əmlakın vahid dövlət kadastrını məlumatlarla təmin etməli olan sahəvi kadastr orqanlarındakı məlumatlar təhlil edilmişdir. Kadastr məlumatların emalı və təhlili müasir informasiya texnologiyalarının və proqram təminatlarının texnologiyanın tətbiqi ilə aparılır. Məlumatların strukturu, informasiyanın dayanıqlığını, tamlığını, dəqiqliyini müəyyənləşdirən göstəricilər kadastr sahəsində böyük təcrübələri olan xarici mütəxəssislər tərəfindən bəyənilmişdir və işlərin keyfiyyətinə nəzarət Dünya Bankının xətti ilə Azərbaycanda həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində aparılır.


Həyata keçirilən işlərin nəticəsidir ki, 2012-ci ildə Sumqayıt şəhərinin daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritəsinin tərtibi işi müvəffəqiyyətlə başa çatdırılmışdır. Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşmaq üzrədir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri