“Bakı-Novorossiysk” neft kəmərini partlatmağı planlaşdıran radikal dini qrupun həbsdə olan üzvündən qadağan olunmuş əşya götürülüb

Penitensiar Xidmətin, Bakı İstintaq təcridxanasının və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1960-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 178.2.2; 178.2.4; 320.1 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Minarə Məhəmməd qızı Allahverdiyevanın kamerasına baxış keçirilərkən yastığın altında gizlədilmiş daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1981-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 279.3; 32.5; 29; 120.2.1; 120.2.4; 120.2.10; 120.2.11; 229.3; 288.3; 282.4; 282.2; 181.3.1; 181.3.2; 66.3 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Asif Tapdıq oğlu Əmikişilinin üzərinə baxış keçirilərkən şalvarının sağ cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və yararsız vəziyyətdə olan 1 ədəd danışıq kartı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Asif Əmikişilinin də üzvü olduğu mütəşəkkil dəstə 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində həbs olunublar.

MTN-in mətbuat xidmətinin həmin vaxt yaydığı məlumata görə, müəyyən edilib ki, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin dünyəvi və demokratik inkişafdan çəkindirilməsinə yönəlmiş qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.

Qrupun rəhbəri «Abdulla» ləqəbli Azər Misirxanov vaxtilə müxtəlif münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə və döyüş əməliyyatlarında iştirak edib. Müəyyən edilib ki, Azər Misirxanov 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən «Bakı-Novorossiysk» neft boru kəmərini partlatmağı planlaşdırıb. Azər Misirxanov bununla əlaqədar Rəşid Mustafayevi təlimatlandırıb və ona müvafiq göstərişlər verib. Bu göstərişlərin icrası məqsədilə Rəşid Mustafayev Bakıya qayıtdıqdan sonra 2008-ci ilin oktyabr ayında Azərbaycandan Rusiya istiqamətində nəql olunan neft kəmərlərinin yerinin müəyyənləşdirilməsi və onların partladılması üçün partlayıcı qurğuların hazırlanmasını silahlı birləşmənin digər üzvü Asif Əmikişiliyə həvalə edib. Asif Əmikişili 2008-ci ilin oktyabr ayında Xaçmaz rayonuna gəlib, ərazidən keçən böyük həcmli boru kəmərlərini yanlış olaraq «Bakı-Novorossiysk» neft kəməri hesab edərək, həmin borularda partlayışın törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib və bu barədə Rəşid Mustafayevi məlumatlandırıb.

Asif Əmikişili Sumqayıt şəhərində elektrodetonator, partlayıcı maddə olan 2 kiloqram 500 qram plastiddən istifadə edərək saat mexanizmi ilə işləyən iki partlayıcı qurğu hazırlayıb və 2008-ci il oktyabr ayının ortalarında ictimai nəqliyyat vasitəsində Xaçmaz rayonuna gəlib. O, Bakı-Xaçmaz yolunun 149-cu kilometrliyində, Vəlvələçayın üzərindəki körpüdən təxminən 500 metr aralı, əvvəlcədən müəyyən etdiyi yerdə, hər iki borunun yan tərəfində partlayıcı qurğuları yerləşdirib. Asif Əmikişili partlayışların vaxtını həmin gün üçün saat 24:00 təyin edərək qurğuları işə salıb. Bundan sonra Asif Əmikişili Sumqayıt şəhərinə qayıdaraq partlayıcıların yerləşdirməsi barədə Rəşid Mustafayevə məlumat verib və onlar partlayış barədə kütləvi informasiya vasitələrində məlumatların yayımlanacağını izləyiblər. Lakin kütləvi informasiya vasitələrində hər hansı partlayış barədə məlumatın verilmədiyini gördükdə onlar həmin qurğuların işə düşmədiyi qənaətinə gəliblər. Bunu yoxlamaq məqsədilə Asif Əmikişili yenidən həmin əraziyə gedib, burada hər iki borunun partlayaraq sıradan çıxdığını görüb və partlayışların baş tutması xəbərini Rəşid Mustafayevə çatdırıb.

Bu epizod üzrə Asif Əmikişlinin istintaqa verdiyi ifadəsinin yerində yoxlanılması zamanı həmin partladılmış boruların həqiqətən Xaçmaz rayonu ərazisində yaşayış məntəqələrinin yaxınlığında yerləşdiyi müəyyən edilib, lakin bu borularla neft deyil, Bakıya içməli suyun nəql edilməsi üçün böyük həcmli ehtiyat boru kəmərlərinin olduğu aydınlaşdırılıb. Həmçinin hadisə yerindən cinayətin izlərini özündə əks etdirən çoxlu sayda maddi sübut aşkar edilərək götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri