Bakıda 2016-cı ilədək Xətai - Həzi Aslanov - Köhnə Günəşli - Təzə Günəşli xətti istifadəyə veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
Əhmədovun sözlərinə görə, köçürmələrin tez aparılacağı, işlərin sürətli gedəcəyi təqdirdə, bu stansiyaların tikintisi 2016-cı ilədək yekunlaşacaq.
"Əsas işlərdən biri "Həzi Aslanov" stansiyasından Köhnə Günəşli və Yeni Günəşliyə xətlərin salınmasıdır", - o deyib.
"Papanin" adlanan ərazidə stansiya tikiləcək, artıq yer verilib, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında da artıq yer verilib, orada da stansiya tikiləcək. Heydər Əliyev Sarayının arxasında stansiya tikilməsi üçün yer ayrılıb - o stansiyadan birbaşa Qış bulvarına keçid olacaq. Yeraltı keçid yerüstü parka paralellik təşkil edəcək", - Əhmədov deyib.
Əhmədov bildirib ki, sonra Beynəlxalq Dəniz Limanına, oradan Keşləyə, oradan isə Suraxanı dairəsinədək metro xətti çəkiləcək.
"Artıq yeni stansiyalarımız 140 metrlik, yəni 7 vaqonluq olacaq, tunellərimiz 5,5 metr deyil, 6 metrlik olacaq. Ən önəmli işlərdən biri də bunların hamısını - 19 km yol və 73 stansiyanın inşasını 2030-cu ilədək başa çatdırmaqdır. Bu, qarşıya qoyulan öhdəlikdir və yerinə yetiriləcək", - o deyib.
Onun sözlərinə görə, Mıtişi zavodundan gətirilən qatarın mayın 26-na kimi istismarı davam etdiriləcək.
"Maşinistlər öyrənir. Biz öz kadrlarımızı göndərmirik. Maşinistlər öyrəniblər. Avtovağzal - Memar Əcəmi 2 stansiyası təhvil veriləndə həmin vaqonlardan istifadə olunacaq. Yeni vaqonlar kondisionerlə təchiz olunub, daha genişdir, paslanmayan materiallardan hazırlanıb və müasir 4-cü nəsil vaqonlardır. Gələn il ən azı 15 vaqon işləyəcək. Stansiyalar təhvil verildikcə vaqonların sayı da artcaq. Təzə vaqonlar elektrik enerjisinə qənaət edir", - Əhmədov deyib.
O bildirib ki, Sumqayıtda və Heydər Əliyev Beynəlxalq Hava Limanına metronun tikintisi nəzərdə tutulmur.
"Prezidentin tapşırığı ilə Bakı şəhəri daxilində tıxacların qarşısını almaq üçün tez bir zamanda metrostansiyaların sayı artırılmalıdır. Stansiyaların layihələndirilməsində hər 900 metrdən metrostansiyanın olması nəzərdə tutulub. Bakı şəhərində olanlar hər bir yerdə metro ilə qarşılaşacaqlar. İkimərtəbəli metro da olacaq, bir-birinin altından keçən tunellər də olacaq. Bu işlərin hamısı 2030-cu ilədək başa çatdırılacaq", - Əhmədov deyib.