İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq
- 25.09.2013, 15:19,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Parlamentində Xocalı soyqırımı məsələsi müzakirəyə çıxarılacaq.
Trend-in məlumatına görə, bunu İran İslam Respublikası İslam Şurası Məclisinin (Parlamentin) Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Cavad Cahangirzadə çərşənbə günü Bakıda keçirdiyi brifinqdə bildirib.
O deyib ki, səfər zamanı Xocalı şəhidləri və faciəsi ilə bağlı müzakirə aparılıb: "Razılaşdırıldı ki, iki ölkənin parlamentlərinin dostluq qrupları müştərək şəkildə məktub hazırlasınlar və İran Parlamentinə ünvanlasınlar. Bununla da İran Parlamenti Xocalı şəhidləri ilə bağlı öz mövqeyini bildirsin. İran öz dövlətini və müstəqilliiyini qorumaq üçün çoxlu şəhidlər verib. Azərbaycan xalqının dərdlərinə şərikik və bunu hiss edirik. İran və Azərbaycan arasındakı sərhədlərin dinc və təhlükəsiz olmasına görə sevinirik".
Deputat bildirib ki, Dağlıq Qarabağ mövzusu İran İslam Respublikasının həssaslıqla yanaşdığı bir münaqişədir: "İranın fikrincə, regional münaqişələrin həllində hər hansı kənar müdaxilənin olması düzgün deyil".
C.Cahangirzadə deyib: "Ümumilikdə inanırıq ki, İran və Azərbaycan arasında münasibətlərin genişləndirilməsi üçün lazım olan potensial indikindən daha çoxdur. İki ölkə arasında mövcud olan mədəni və tarixi bağlılıq ölkələr arasında turizm sektorunda da inkişafa zəmin yarada bilər. İran Azərbaycan vətəndaşları üçün birtərəfli olaraq viza rejimini ləğv edib və inanırıq ki, Azərbaycan tərəfi də viza rejimini ləğv edəcək".
Onun sözlərinə görə, Azərbaycan Parlamentinin dostluq qrupu noyabrda İrana səfər edəcək. Səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələri inkişaf etdirməkdir.