“Alman-Azərbaycan Forumu“nun İdarə Heyətinin sədri: “Azərbaycan Avropaya ən sürətlə inteqrasiya edən ölkədir”

Azərbaycanın Almaniyadakı Səfirliyində hakimiyyətdə olan Xristian-Demokratlar Birliyi (CDU) partiyasının „İqtisadiyyat Şurası“ təşkilatı ilə birlikdə „İqtisadi siyasətin perspektivləri: İmkanlar və çağırışlar“ adlı tədbir keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Almaniyanın 70-ə yaxın kiçik və orta sahibkarlarının və iqtisadi dövlət qurumlarının nümayəndələrinin qatıldığı tədbirin məqsədi ölkəmizin son 10 ildə əldə etdiyi nailiyyətlərinin müzakirəsi və alman iş adamlarını bundan sonra da ölkəmizlə əlaqədar biznes ideyaları inkişaf etdirməyə həvəsləndirməkdən ibarət olub.

Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov nitqində Azərbaycan-Almaniya münasibətlərinin inkişafından söhbət açıb. Səfir iki ölkə arasında ticarət dövriyyəsinin 2013-cü ilin ilk yarısında əvvəlki yarımilliklə müqayisədə 36% artdığını və Azərbaycan-Almaniya ticarətinin Almaniyanın bütün Cənubi Qafqaz regionu ilə olan ümumi ticarət dövriyyəsinin 80%-ni təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir Azərbaycan iqtisadiyyatının ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətli və davamlı artımının bu münasibətlərin inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb.

„Berlin və Brandenburq Federal Torpaqları İqtisadiyyat Şurası“nın sədri Nikolaus Broyl Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunun ölkənin həm iqtisadi, həm də siyasi inkişafında təzahür etdiyini bildirib. N.Broyl məmnunluqla vurğulayıb ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm tərəfdaşıdır. Natiq Azərbaycanın demokratik inkişafına da toxunaraq, bu ölkədə uzun illər bundan qabaq ölüm hökmünün aradan qaldırıldığını, insan hüquqlarının ölkə konstitusiyasında təsbit olunduğunu və transformasiya prosesinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən „Alman-Azərbaycan Forumu“nun idarə heyətinin sədri Hans-Ebert Şlayer Azərbaycanın Qərblə yüksək səviyyəli əməkdaşlığını qeyd edib və Avropanın, o cümlədən Almaniyanın ölkəmizin bu kursunu həm də iqtisadi sahədə dəstəkləməli olduğunu vurğulayıb.

H.E.Şlayerin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında Avropaya ən sürətlə inteqrasiya edən ölkədir. O, Azərbaycanda iri miqyaslı infrastruktur layihələrinin və fəal iqtisadi diversifikasiyanın həyata keçirildiyini və bunun Almaniyanın orta iş adamlarının ölkəyə investisiya yatırması üçün cəlbedici faktor olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə AZPROMO şirkətinin Almaniya üzrə təmsilçisi İbrahim Əhmədov Azərbaycanın
qeyri-neft sektorunda biznes imkanları haqqında təqdimatla çıxış edib. İ. Əhmədov son 10 ildə qeyri-neft sektorunda inkişaf, iqtisadi mühitin yaxşılaşdırılması üçün həyata keçirilmiş iqtisadi-siyasi islahatlar, Azərbaycanın nailiyyətlərinin beynəlxalq hesabatlarda öz əksini tapması, xarici sərmadəyarlar üçün ölkədə olan imkanlar haqqında alman iş adamlarına ətraflı məlumat verməklə yanaşı, onların diqqətini Azərbaycanda biznes fəaliyyəti üçün maraqlı ola biləcək konkret sahələrə də yönəldib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri