Azərbaycanın "Eurovision" təmsilçisi bu gün məlum olacaq

"Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi martın 14-də keçiriləcək milli final şousunda açıqlanacaq.

Live.Az İctimai Televiziyaya istinadən məlumat verir ki, İsveçin Malmö şəhərinin ev sahibliyi edəcəyi yarışmada ölkə təmsilçisi olmaq uğrunda 10 nəfər mübarizə aparacaq. Finalda yarışacaq ifaçılar isə bunlardır:

- Vüqar Muradov
- Rəvanə Əliyeva
- Fərəh Hadıyeva
- Leyla Əliyeva
- Leyla Qafari
- Fərid Məmmədov
- Nigar Hüseynova
- Vlada Axundova
- Valeriya Hüseynzadə
- Aysel Babayeva

Hər il olduğu kimi, bu il də milli seçim turu Azərbaycanın İctimai Televiziyasının digər tərəfdaşları ilə birlikdə, xüsusilə də Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlığı şəraitində həyata keçirilir. "Eurovision" milli seçim turuna 130 nəfərə yaxın iddiaçı müraciət etmişdi. Onların ilkin kastinqindən sonra 80 nəfərə yaxını milli seçim turunun mərhələlərinə buraxıldı. Onlar ayrı-ayrı həftələr üzrə, müxtəlif qruplarda öz bacarıqlarını nümayiş etdirdilər.

Milli final konserti "Eurovision" mahnı müsabiqəsinin qaydalarına uyğun həyata keçiriləcək. Belə ki, 10 finalçının hər biri yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa edəcək. Mahnılar ilk dəfə final konsertində səsləndiriləcək. Səsləndirilən ifanın ölkə təmsilçisinin müsabiqə mahnısına çevrilib-çevrilməyəcəyinə sonra qərar veriləcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri