Elsevər Ağayev: “Azərbaycanda lisenziya olmadan fəaliyyət göstərən 345 aptekin fəaliyyəti dayandırılıb”
- 01.10.2013, 17:38,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hazırda Azərbaycanın səhiyyə sahəsində mövcud problemlərdən ən əsası bazarda dövlət qeydiyyatı olmayan dərman vasitələrinin olmasıdır”.
Səhiyyə Nazirliyinin internet saytında keçirilən onlayn konfransda APA-nın sualını cavablandıran səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bununla bağlı həm Səhiyyə Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən ciddi işlər aparılır. O qeyd edib ki, bu ilin 6 ayı ərzində keçirilən yoxlamalar nəticəsində 6000 qutudan çox dövlət qeydiyyatı olmayan dərman vasitələri müsadirə edilib.
Bu gün ölkənin dərman bazarındakı mövcud vəziyyəti qənaətbəxş hesab edən nazir müavini qeyd edib ki, 2007-ci ildə yaradılan Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən respublika ərazisində fəaliyyət göstərən həm topdansatış, həm də pərakəndə satış əczaçılıq təşkilatlarında qanunvericiliyin tələbləri gözlənilməklə mütəmadi olaraq planlı reydlər keçirilir: “Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən 345 qanunsuz aptekin fəaliyyəti dayandırılıb. Onlardan xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 195 aptekə cərimə protokolları tərtib edilib, keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı və dövlət qeydiyyatı olmayan 100000 qutudan çox, istifadə müddəti bitmiş 2500 qutudan çox dərman preparatları aşkar olunaraq müsadirə edilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantıların İdarə olunması üzrə Mərkəzdə müvafiq qaydada məhv edilib.
Bundan başqa, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə 68 fakt, aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, digər malların satışına görə 13 fakt aşkar edilərək protokollar tərtib edilib. Həmin faktlar Səhiyyə Nazirliyi tərəfindən rəsmiləşdirilmiş və müvafiq qərarlar qəbul edilərək cərimə sanksiyaları tətbiq edilib. Eyni zamanda reydlər nəticəsində “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə Tələblər”ə cavab verməyən, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən 50 aptek təşkilatında ciddi nöqsan və çatışmazlıqlar aşkar edilərək fəaliyyətləri dayandırılıb. Bunlardan 11 aptek müəssisəsinin lisenziyası tamamilə ləğv edilib”.