Nabranda istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin ağır xəsarət alması ilə nəticələnən faciəyə görə tutulanların həbs müddəti uzadılıb
- 02.10.2013, 01:02,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il iyulun 21-də “Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan 3 nəfərin həbs müddəti uzadılıb.
Bu barədə APA-ya məlumat verən vəkil Kamandar Nəsibovun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxsin həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki, hadisə baş verdikdən bir neçə gün sonra Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov, obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Respublika Baş Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.