Azərbaycanda ahıl vətəndaşların pensiyaları 2020-ci ilədək 350 manata çatdırılacaq
- 02.10.2013, 01:11,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı bir qrup ahıl pensiyaçılarla görüş keçirilib. APA-nın xəbər verdiyi kimi, tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, ölkədə yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Fondun sədri qeyd edib ki, pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almasına gətirib çıxarıb. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir.
S.Müslümov bildirib ki, bu ilin sentyabrın 30-na olan operativ məlumatlara əsasən, Azərbaycanda əmək pensiyaçılarının 342 373 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 269 nəfəri qadın, 135 104 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 259 724 nəfəri 70-80 yaş, 75 648 nəfəri 80-90 yaş, 7 001 nəfəri 90-dan, 923 nəfəri 100-dən artıq yaşı olan vətəndaşlardır.
S.Müslümov bəyan edib ki, 2020-ci ilə qədər ölkədə orta aylıq əmək haqqının həcminin təxminən 700 manata, ahıl vətəndaşların pensiyalarının həcminin isə bunun 50%-nə çatdırılması nəzərdə tutulur.