Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 5% artıb

Azərbaycanda problemli kreditlərin həcmi son bir ildə 5% artıb Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının məcmu kredit qoyuluşlarının həcmi 2013-cü il sentyabrın 1-nə 14 455,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından APA-ya verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 397,3 mln. manat və ya 30,7% artıb. O cümlədən, bu ilin əvvəlindən kredit qoyuluşlarının həcmi 2 211,4 mln. manat və ya 18,1% artıb.

Kredit qoyuluşlarının tərkibində aparıcı yeri istehlak kreditləri tutur. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 572,6 mln. manat və ya ümumi həcmin 38,6%-ni təşkil edir. Digər sahələrdən isə 15,5% payla «İnşaat və əmlak» və 15,3% payla «Ticarət və xidmət» sahələrini qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi sentyabrın 1-nə 764,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 33,1 mln. manat və ya 4,5% çoxdur. Həcmin artması fonunda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 6,6%-dən 5,3%-ə enib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri