Rusiya Federasiya Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycanda yaşayan ləzgilərə, avarlara, saxurlara və digər Dağıstan xalqlarına müraciət edib.
APA-nın məlumatına görə, Dağıstan prezidentinin saytında yerləşdirilən müraciətdə deyilir:
“Hörmətli dağıstanlılar!
Azərbaycan bizim tarixi qonşumuzdur, biz onun xalqının, dövlətin taleyinə və perspektivlərinə laqeyd deyilik. 2013-cü ilin oktyabrın 9-da Azərbaycan vətəndaşları ölkə prezidentini seçəcəklər. Müasir Azərbaycan artıq 7-ci dəfədir ki, demokratik seçkilər keçirir. Bu demokratik ənənələrin əsası Azərbaycanın sabiq prezidenti Heydər Əliyev tərəfindən qoyulub.
Rusiya həmişə Azərbaycanla ikitərəfli əlaqələrə böyük əhəmiyyət verib. Bu əlaqələr Vladimir Putinin Rusiya prezidenti vəzifəsinə seçilməsindən sonra keyfiyyətcə yeni səviyyədə inkişaf edir. Bu siyasətin davamı onun Bakıya səfəri və prezident İlham Əliyevlə görüşü olub. Ölkələrimiz arasında iqtisadi əlaqələr uğurla inkişaf edir, ticarət dövriyyəsi artır, humanitar sahədə əməkdaşlıq davam edir, təhlükəsizlik təmin edilməsi ilə bağlı məsələlər birlikdə həll olunur.
Rusiya Federasiyasının tərkib hissəsi olan Dağıstan Azərbaycanın yaxın qonşusudur. Belə bir söz var ki, yaxın qonşu uzaq qohumlardan yaxşıdır. Bu, həqiqətən elədir, çünki aramızda xoş münasibətlər yaranıb. Azərbaycanda minlərlə dağıstanlı - ləzgilər, avarlar, saxurlar və digər xalqların nümayəndələri yaşayır. Ona görə bizim qonşuluğumuz həm də qardaşlıq xarakteri daşıyır.
Artıq 10 ildir ki, Azərbaycan təcrübəli siyasətçi, müdrik siyasi xadim, həm öz vətəndaşları arasında, həm də Rusiya cəmiyyətində hörmətə malik İlham Əliyev tərəfindən idarə edilir. İlham Əliyev öz postunda bir çox işləri görə bilib. Azərbaycan iqtisadiyyatının sistemli inkişafı təmin edilir, əhalinin gəlirləri artır. İri sərmayə layihələri icra olunur, Azərbaycanın Avropa və dünya enerji siyasətində mövqeləri möhkəmlənir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 2020-ci ilə qədər dövlət inkişafı konsepsiyası müəyyən edilib, bu da cəmiyyətin həyatının hər sahədə yüksək səviyyəyə çatmasına imkan verəcək.
Hörmətli həmyerlilər, Azərbaycan Respublikanın dağıstanlı vətəndaşları! Hər bir Azərbaycan vətəndaşı üçün vacib olan siyasi hadisə ərəfəsində Sizi seçkilərdə fəal iştirak etməyə, Azərbaycanın dinc və stabil inkişafının, Rusiya ilə əməkdaşlığının gələcəkdə daha da möhkəmlənməsinin qarantı sayılan hazırkı prezident İlham Əliyevə dəstək olmağa çağırıram.
Azərbaycan xalqına uğurlar və əmin-amanlıq arzu edirəm!”