Səməd Seyidov: “Sarkisyan öz işğalçılıq siyasətini boynuna aldı”

“Heç kimə sirr deyil ki, Ermənistan qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana ərazi iddiaları irəli sürür, Azərbaycanın 20 faiz ərazilərini işğal edib.

Ermənistanın dövlət gerbinə nəzər salsaq, görərik ki, orada Türkiyə ərazisində yerləşən Ağrı dağının əksi var. Bu, Türkiyəyə qarşı ərazi iddiasına bir sübutdur. Serj Sarkisyan mənə cavabında dedi ki, fakt göstərsəm, məndən üzr istəyəcək. İndi mən gözləyirəm ki, o, məndən nə vaxt üzr istəyəcək”. Bu sözləri APA-ya açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışına münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov ermənilərin dəfələrlə Cavaxetiya məsələsini qaldırdıqlarını da xatırladıb: “Bilirsiniz, insan məntiqi cavab tapmayanda dərhal təhqirə keçir və mənim bu sualıma Ermənistanın prezidenti (hərçənd ki, mən sual verəndə ona prezident deyə müraciət etmədim, sadəcə Sarkisyan dedim) çox təhqiramiz tərzdə cavab verdi. Guya ki, belə şeylər yoxdur, bu, gülməli sualdır və s... Hansısa arqumentləri olsaydı, buna cavab verərdi. Ancaq Sarkisyan arqumentləri kənara qoyaraq, keçdi təhqirə. Ermənistanın lideri bir daha öz simasını Avropa Şurasında göstərdi. Təbii ki, bir azərbaycanlı üçün onun bu çıxışını dinləmək çox ağırdır. Xüsusən onun sonuncu dediyi – “mən sizin 20% yox, lap 25 və daha artıq ərazilərinizi işğal etməyə hazıram” - sözlərini. Bunlar öz işğalçılıq siyasətlərindən əsla imtina etməyiblər. Bizi ittiham edirlər, amma özləri bu işğalçılıq siyasətlərini boyunlarına alırlar. Hesab edirəm ki, Ermənistan prezidentinin bu formada təqdimatı onun xarici siyasətinin birbaşa iflası deməkdir. Həmişə demişəm və bir daha deyirəm ki, erməni siyasətinin və bir dövlət kimi Ermənistanın özünün gələcəyi yoxdur”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri