Azərbaycanın iqtisadi rayonlarının inkişaf planları hazırlanıb
- 04.10.2013, 15:40,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın əsas iqtisadi rayonlarının regional inkişaf planları hazırlanıb.
Yeni layihələr artıq hər bölgə üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub və hazırda razılaşdırma mərhələsindədir. Bunu APA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
C.Qocayev qeyd edib ki, Böyük Bakının Regional İnkişaf Planı ilə yanaşı respublikanın digər rayonlarında da məhsuldar qüvvələrin yerləşdirilməsi və təbii ehtiyatlardan istifadə məqsədilə regional sxemlər hazırlanıb: «Hazırda Aran iqtisadi rayonu, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Dağlıq Şirvan iqtisadi zonalarının regional planları razılaşdırma mərhələsindədir. Məsələ ilə bağlı yekun qərar bu ilin sonuna qədər veriləcək».
Şöbə müdiri əlavə edib ki, bu, Azərbaycan üçün bu sahədə ilk təcrübədir, SSRİ zamanı ölkə ərazisinin bu cür regionlara bölgüsü olmayıb. Bu layihələr hər hansı qrafik materialın hazırlanması deyil, elmi yanaşma tələb edən işdir.
Qeyd edək ki, respublikanın bölgələrinin regional planları da yerli şirkətlərlə yanaşı xarici şirkətlərin birgə işi nəticəsində reallaşacaq. Belə ki, Gəncə-Qazax iqtisadi zonasının inkişaf sxemini yerli «Integres» və Türkiyənin «Ana Kent» şirkətləri, Quba-Xaçmazın sxemini «Renesans Studiya» şirkəti, Şəki-Zaqatalada «Risk» elm-istehsalat şirkəti Sankt-Peterburq mütəxəssisləri ilə birlikdə hazırlayıb. Azərbaycanın ən iri iqtisadi zonası olan Aranda isə Baş Plan işləyən Fövqəladə Hallar Nazirliyinin tərkibində olan «Azərdövlətlayihə» İnstitutu tərəfindən, Dağlıq Şirvan iqtisadi zonası üzrə isə Vilnüsun (Litva) xüsusi bələdiyyə müəssisəsi ilə birgə hazırlanıb.
C.Qocayev vurğulayıb ki, Böyük Bakının Regional İnkişaf Planı da xarici mütəxəssislərlə birgə hazırlanır. Belə ki, planın iqtisadi məsələləri amerikalı ekspertlər, planlaşdırma hissəsi avstraliyalı, ekoloji məsələləri isə ispaniyalı mütəxəssislər araşdırır.