Bakıda “VAZ-2107” yük maşını ilə toqquşub, bir nəfər ölüb

Bakıda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, oktyabrın 5-də saat 09:37-də Xəzər rayonunun Qala qəsəbəsindən Pirallahı qəsəbəsinə gedən avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən, Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı və Xəzər rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əsgər Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı 90 KF 613 dövlət nömrə nişanlı minik avtomobili və 1966-cı il təvəllüdlü Əşrəf Zeynalovun oğlunun idarə etdiyi “ZİL” markalı 06 BD 543 dövlət nömrə nişanlı yük avtomobilləri yol-nəqliyyat qəzası törədib. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Ağır deformasiyaya uğrayan “VAZ-2107” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi adıçəkilən avtomobildən çıxararaq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri