Berti Foqts milli komandaya daha bir futbolçu çağırıb

Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Portuqaliya ilə rəsmi oyunlarına daha 1 futbolçu çağırılıb. Live.az-ın Apa-ya istinadən verdiyi məlumatına görə, “Simurq”un müdafiəçisi İlkin Qırtımov bu gündən Bakıda təlim-məşq toplanışına başlayan komandamızın heyətinə cəlb olunub.



Müdafiənin sağ cinahında oynayan İlkin yığmamızın fevralda Dubaydakı təlim-məşq toplanışına aparılsa da, yoldaşlıq görüşlərində meydana çıxmamışdı.



Foqts martın 22-də Lüksemburqla keçiriləcək səfər oyununa hazırlığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. İlk məşq bu gün saat 15:45-də olacaq.



Ancaq millimiz hazırlığa tam heyətlə başlaya bilməyəcək. Belə ki, Topaz Premyer Liqasında final mərhələsinə bu gün yekun vurulacağından, bir-biri ilə üzləşən “İnter”lə “Qəbələ”nin futbolçuları – müvafiq olaraq müdafiəçi Vladimir Levinlə qapıçı Anar Nəzirov sabah düşərgəyə gələcək.



Toplanışa dəvət olunmuş Elhad Nəziri martın 17-dən, Ruslan Abışov və Cihan Özkara isə martın 18-dən millinin heyətinə qoşulacaq.



Qeyd edək ki, yığmamız Lüksemburqdan qayıtdıqdan sonra martın 26-da Portuqaliya yığması ilə Bakıda üzləşəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri