Həbsdə olan sabiq nazirin həbs müddəti uzadılıb

Həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Elton Quliyevin APA-ya verdiyi məlumata görə, oktyabrın 1-də Səbail Rayon Məhkəməsində istintaq orqanının N. Quliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin edərək, həbs müddətini 2 ay uzadıb. Vəkil həmin qərardan apellyasiya şikayəti verdiklərini bildirib.

Qeyd edək ki, Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.

N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.

N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.

Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri