Şirvanda avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan fəhlələrdən biri ölüb

Şirvan şəhəri ərazisində fəhlələri daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində yaralanan neftçilərdən biri ötən gecə xəstəxanada dünyasını dəyişib.

Bu barədə APA-ya Şirvan şəhər Xəstəxanasından məlumat verilib.

Məlumata görə, Şirvan sakini, Xəqani küçəsi-3, mənzil 48 ünvanında yaşayan 1978-ci il təvəllüdlü Məcidov Ramil Rasim oğlu gecə saat 3.00 radələrində xəstəxananın reanimasiya şöbəsində ağ ciyərində yaranmış problem nəticəsində, tənəffüs çatışmazlığından vəfat edib. Qəza baş verəndən sonra onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, dalağı və zədələnmiş bağırsağı rezeksiya olunmuşdu.

Qeyd edək ki, oktyabrın 3-də “Qarasu Oyl” Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan “KAVZ” markalı avtobusun Şirvan ərazisində qəzaya uğraması nəticəsində 17 nəfər neftçi xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Sonradan onlardan 7 nəfəri Bakı şəhərinin müxtəlif xəstəxanalarına köçürülüb.

Faktla bağlı araşdırmalara başlanıb.

İlkin versiyaya görə, qəzaya səbəb köhnə avtobusun əyləc sistemində yaranmış nasazlıq olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri