“Doqquz ayda enerji siyasətində çox önəmli hadisələr baş verib. Bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilib. Bu layihənin icrası tarixi məsələ olacaq. Bu, tarixi layihə olacaq. Keçən il Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması artıq bax bu imkanları yaratdı və bütün qapılar açılıb. Bu gün Azərbaycanın təbii resurslarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaranır. Trans-Adriatik boru kəməri - TAP hesab edirəm ki, tarixi layihə olacaq və Azərbaycana imkan verəcək ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünya və Avropa bazarlarına çıxarsın”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib.
Dövlət başçısı bu yaxınlarda “Şahdəniz-2” layihəsinin fəaliyyəti ilə bağlı qaz kontraktlarının imzalandığını xatırladıb: “Bizim tərəfdaşlarımız, ixrac istiqamətlərimiz artıq müəyyən edilib. Enerji siyasətində də biz öz yolumuzdan dönməmişik, öz siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcək. Bax, bizim gələcəyə baxışlarımız bundan ibarətdir. Biz 30 il, 50 il, 100 il bundan qabağa baxmalıyıq, Azərbaycanın inkişafını proqnozlaşdırmalıyıq, bölgədə gedən prosesləri düzgün təhlil etməli və düzgün qərarlar qəbul etməliyik və edirik”.
Prezident qeyd edib ki, Azərbaycanın enerji siyasəti ilə bağlı məsələlər nəinki ölkə və region, dünya üçün əhəmiyyətli məsələlərdir: “Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmiş qərarlardan çox şey asılıdır. Bunu biz də bilirik, bu məsələlərlə bağlı bizimlə əməkdaşlıq edən qurumlar da bilir. Belə olan halda əlbəttə ki, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipi daha da böyük üstünlük təşkil etməlidir”.
Dövlət başçısı bu il sənayeləşmə ilə bağlı çox ciddi addımlar atıldığını diqqətə çatdırıb: “Biz bütün işləri ardıcıllıqla görürdük ki, Azərbaycanda güclü qeyri-neft sənaye kompleksi yaradılsın. Bu il çox əlamətdar bir neçə layihə artıq reallaşıb. Beləliklə, Azərbaycanın uğurlu sənaye inkişafı da əminəm ki, bundan sonrakı illərdə özünü göstərəcək. Yeni iş yerlərinin açılması və qeyri-neft ixracının artırılması məsələləri də öz həllini tapacaq. Bu yaxınlarda Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanalları istifadəyə verilib. Bu, böyük tarixi nailiyyətdir. Biz dağlar arasında süni göl yaratmışıq və müqayisə üçün demək istəyirəm o göl Ceyranbatan gölündən təxminən iki dəfə böyükdür. Suvarma, meliorasiya, kənd təsərrüfatının inkişafı, vətəndaşlarımızın içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşacaq. Eyni zamanda, Bakıda gəmiqayırma zavodu istifadəyə verilib. Bu da tarixi nailiyyətdir, çünki bizdə gəmi təmiri zavodları olub, gəmiqayırma zavodu heç vaxt olmayıb. Bu zavod ən müasir texnologiyalar əsasında qurulub. Bütün növ gəmiləri istehsal edəcək və beləliklə, xaricdən gəmilərin alınmasına ehtiyac azalacaq. Tamamilə aradan götürüləcək demirəm, çünki bizim ehtiyacımız zavodun istehsal gücündən daha da artıqdır. Ancaq əksər məsələlər Azərbaycanda həll olunacaq. Bir neçə gün əvvəl Sumqayıtda Kimya Sənaye Parkının təməlini qoyduq. Bu da tarixi hadisədir. Ekoloji cəhətdən təmiz, yəni, bütün çirklənmədən təmizlənmiş təxminən 200 hektar ərazidə yeni sənaye şəhərciyi yaradılacaq. Minlərlə, on minlərlə iş yeri açılacaq. Yeni müəssisələr, təqribən qırxa yaxın böyük müəssisə yaradılacaq. On milyardlarla ölçülən investisiya qoyulacaq. Orada istehsal olunacaq məhsul da milyardlarla ölçüləcək. Qeyri-neft sənayemizin və ölkə iqtisadiyyatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti var. Sadəcə olaraq mən bir neçə layihəni qeyd etdim. Bu layihələr kifayət qədər çoxdur. Ancaq bu layihələrin icrası onu göstərir ki, biz istədiyimizə nail ola bilmişik. Son on il ərzində sənayeləşmə ilə bağlı siyasət bax, bu nəticələrə gətirib çıxarıb. Əminəm ki, ilin sonuna qədər və ondan sonrakı illərdə bütün bu müsbət meyllər güclənəcək, Azərbaycanın uğurlu inkişafı davam edəcək”.