Ilk iki saatda Azərbaycanda prezident seçkisində 937 465 nəfər səs verib

Bakı vaxtı ilə saat 10.00-a Azərbaycan prezidenti seçkilərində 937 465 seçici səs verib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.

Bu da ümumi seçicilərin 18,2 faizidir. Ən fəal seçki dairəsi 116 saylı Qəbələ seçki dairəsidir - 24,72 faiz seçici artıq səs verib. Ən passiv ərazi 33 saylı Xətai birinci seçki dairəsi - iki saat ərzində cəmi 9,29 faiz seçici səs verib.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri