ARDNŞ bu il 4 tələbəni Fransanın müxtəlif ali təhsil məktəbinə oxumağa göndərib
- 12.10.2013, 10:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Fransanın “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli şirkətin həyata keçirdiyi Daxili Təqaüd Proqramlarının iştirakçısı olmuş, hazırda ARDNŞ-ın idarə və müəssisələrində çalışan gənc kadrlarla görüşüblər.
ARDNŞ-dən APA-ya verilən məlumata görə, X.Məmmədov ARDNŞ-ın Azərbaycanda, eləcə də ölkədən kənarda həyata keçirdiyi təhsil layihələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, ARDNŞ-ın Daxili və Xarici Təqaüd Proqramlarının iştirakçılarının sayı ilbəil artmaqdadır: “Bu, həm şirkətin kadr ehtiyatının möhkəmlənməsi, həm də gənclərin işlə təmin olunması üçün geniş imkanlar acıb”.
ARDNŞ Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün yaradılmış imkanlar haqqında məlumat verilərək qeyd edilib ki, şirkətin fəaliyyəti genişləndikcə müasir biliklərə yiyələnmiş fransız dilli mühəndis kadrlara da ehtiyac yaranıb: “Fransanın “Total” şirkəti ilə birgə həyata keçirilən layihəyə ARDNŞ-ın Daxili Təqaüd Proqramı xətti ilə işə qəbul olunan gənclər daha çox cəlb olunacaqlar”.
“Total E&P Azərbaycan” şirkətinin baş meneceri K.Jüdiselli ARDNŞ-ın Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün Fransa səfirliyində təmənnasız fransız dili kursları təşkil edildiyini vurğulayıb: “Müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər”.
K.Jüdiselli qeyd edib ki, Fransanın ali təhsil müəssisələrində neft-qaz sənayesi üzrə geofizika mühəndisliyi, geologiya mühəndisliyi, rezervuar (lay) mühəndisliyi, neft mühəndisliyi (istismar, qazma və sairə), neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi, mexanika mühəndisliyi (neft-qaz hasilatı, emalı və kimya sənayesi üzrə), elektrik/elektronika/energetika mühəndisliyi, kompüter mühəndisliyi və İKT, avtomatlaşdırılmış idarəetmə sistemləri (neft-qaz hasilatı və emalı sənayesi üzrə), ekologiya mühəndisliyi, inşaat mühəndisliyi ixtisasları üzrə yerli kadrların hazırlanması nəzərdə tutulub.
ARDNŞ və “Total” şirkətlərinin əməkdaşlıq layihəsi çərçivəsində bu il 4 tələbə Fransanın müxtəlif ali təhsil müəssisələrinə göndərilib, hazırda 7 tələbə təhsilini davam etdirir, 18 tələbə isə təhsilini başa vurub. Bu istiqamətdə işlər davam etdirilir.