Azərbaycan prezidenti Qurban bayramı münasibətilə xalqı təbrik edib

Azərbaycan prezidenti Qurban bayramı münasibətilə xalqı təbrik edib Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”
Şərhlər
Siyasət bölməsinin xəbərləri