Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər etməyə hazırlaşır
- 14.10.2013, 13:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Məclisinin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən iclasında 5 qanun layihəsi müzakirəyə çıxarılıb.
Bu, «Sığorta fəaliyyəti haqqında», «Hərbi qulluqçuların icbari sığortası haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası haqqında» qanunlara, həmçinin Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklərin edilməsi ilə bağlı qanun layihələridir.
APA-nın məlumatına görə, iclasda çıxış edən Maliyyə Nazirliyi Sığorta Nəzarəti Dövlət Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib ki, bu ilin 9 ayında Azərbaycanda adambaşına düşən sığorta haqqı 37 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur. İlin sonuna kimi isə bu göstəricinin 40 manata çatacağı gözlənilir.
N.Xəlilov qeyd edib ki, hazırlanan yeni sığorta normativ-hüquqi aktları ilə aktuari fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur: «Qanunvericiliyə edilən dəyişikliklərdən sonra Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri öz sığorta məhsullarını internetlə də sata biləcəklər. Bu da Azərbaycanda bir yenilik olacaq».
N.Xəlilovun sözlərinə görə, Mülki Məcəlləyə edilməsi təklif olunan dəyişikliklər nəticəsində sığorta ödənişlərinin həyata keçirilməsi prosesləri daha da asanlaşacaq: «Bütövlükdə, təklif olunan hər 5 qanun layihəsi sığorta olunanlara daha keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə gətirib çıxaracaq. Bundan başqa, sığorta olunanlarla sığorta şirkətləri arasındakı problemlər tam aradan qaldıracaq və ölkədə sığortaya etibar artıracaq. Bu da Azərbaycanda sığorta bazarının inkişafına gətirib çıxaracaq».
Toplantıda çıxış edən millət vəkil Əli Məsimli isə təklif ki, bu qanun layihələrində kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı sahəsinin sığortalanması ilə bağlı aspektlər də öz əksini tapsın: «Azərbaycanın Şəki-Zaqatalada zonasında baş verən son zəlzələ sübut edib ki, heç bir sığorta şirkəti ziyan çəkmiş sakinlərə sığorta ödənişi aparmayıb və bütün məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürüb. Bütün dünyada kənd təsərrüfatı sahəsi dotasiya ilə saxlanılır. Bu səbəbdən də Azərbaycanda kənd təsərrüfatının sığortalanmasına daha böyük önəm vermək lazımdır».
İclasın yekununda hər bir qanun layihəsinin Milli Məclisin plenar sessiyasına çıxarılması qərara alınıb.