Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir

Bakı şəhərində yeni piyada keçidlərinin nşasına başlanılıb.

Bu obyektlərin tikintisi paytaxtın Xətai rayonunda yeni avtomobil yolunun salınması layihəsi çərçivəsində həyata keçirilir. Bu barədə APA-ya «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ərazidə yeni yolun salınması ilə əlaqədar iki və ya üç piyada keçidinin inşası nəzərdə tutulub: «Ərazidə artıq tikinti işlərinə start verilib. Artıq yolun torpaq yatağının salınmasına başlanılıb».

P.Mürsəliyev deyib ki, Neftçilər prospektindən başlayan və Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək uzanacaq yeni avtomobil yolunun uzunluğu 2 km, eni 45 metr olacaq. Onun 1,4 kilometri Nobel prospektinə paralel, qalan hissəsi isə dənizə perpendikulyar çəkiləcək. Paralel yol 8 zolaqlı, dənizə perpendikulyar olacaq hissəsinin isə 6 zolaqlı olması planlaşdırılır.

«Azəryolservis» rəsmisi bildirib ki, tikinti işləri gələn il yekunlaşacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri