Əməkdar artist Tünzalə Ağayevanın müsahibəsi.
- Müğənni olmaq “sevda”sına nə vaxt düşdünüz?- Musiqiyə meyl məndə uşaqlıq illərimdən var idi. Fortepiano üzrə təhsil aldığıma görə tez-tez pianonun arxasında əyləşib həm mahnı bəstələməyə cəhd göstərirdim, həm də müxtəlif mahnıları oxuyurdum. Məşhur bəstəkar olmaq istəyirdim. Bakıya gəlib hansısa bir yolla müğənnilərlə görüşüb onlara öz bəstələrimi göstərməyi arzulayırdım. Ətrafımdakı insanlar mənim istedadımın və yaxşı səsimin olduğunu sezib özümü müğənnilikdə sınamağımı istəyirdilər.
- Və... Müğənni oldunuz. Bu peşə sizə nə verdi?- Gəlin bu fikri bir az parçalayaq. Şou-biznes desək, yerinə düşər. Şou-biznes deyəndə ağıla, ilk növbədə, performans sərgiləyib pul qazanmaq gəlir. Bəli, əslində bu hardasa belədir. Ancaq mən sənətə gələndə işin maddi tərəfi barədə bir o qədər də düşünməmişdim. Mənim ağlıma gəlməzdi ki, nə vaxtsa məşhur bir müğənni olaram. Bəstələdiyim mahnılardan hansınısa bir müğənninin oxuması və bu yolla tanınmaq ümidi ilə Bakıya gəlmişdim. Ancaq 2001-ci ildə “Bakı Payızı” müsabiqəsi mənim həyatımda hər şeyi dəyişdi. Həmin müsabiqədə özümü təsdiqlədim. Bundan başqa müəllifi olduğum və ifa etdiyim “Sevdi can” mahnısı mənə çox böyük uğur və gəlir gətirdi. Mən artıq bundan sonra yaradıcılıqla bağlı plan qurmağı, gəlir götürməyi, hədəfi düzgün müəyyən etməyi və s. öyrənməyə başladım. Müğənnilik mənə bunları öyrətdi və bir də məni ərköyünləşdirdi.
- Hansı mənada?- Bu ifadəni heç yerdə deməmişəm. Mən şöhrət axtarışında deyildim, söhrət özü gəlib mənim qapımı “döydü” və məni öz ağuşuna alıb “bəslədi”. Qayğı “göstərdi”. Dedi ki, Tunzalə, bu sənətdə nə qədər ağılla hərəkət etsən, bir o qədər də uğur qazanacaqsan. Təsəvvür edin ki, qısa zaman kəsiyində gələn məşhurluq, tamaşaçı sevgisi və s. Hətta üzümü görməyənlər də mahnılarımı eşidəndə ifaçının mən olduğumu bilirdilər. Bax bu baxımdan mən ərköyünləşdim.
- Bu ərköyünlük və şöhrət sizi heç azdırdımı?- Qətiyyən, çünki mən sənətə atdığım “imza”mla,bəstələdiyim və ifa etdiyim mahnılarımla sevildim. Üzr istəyirəm, soyunmaqla, yaxud da başqa üsullarla populyarlaşmadım. Bu ola bilər ki, kimlər üçünsə normal yoldur, yaxşı üsuldur, amma mən öz yolumu tutdum.
- Deməli, məşhurluq sizi qadağan olunmuş şeylərə tərəf aparmadı.- Deyərdim ki, aparmadı. Mən gecə əyləncələrindən tamamilə uzaq olmuşam. İnanın, mən deyəndə ki, indiyə qədər spirtli içki içməmişəm, mənə inanmırlar. Deyirlər ki, bu ola bilməz (gülür).
- Siz yeni parlamağa başladığınız dövrlərdə tamaşaçılar sizi başıörtülü görməyə alışmışdılar. Zaman keçdikcə, imicinizdə dəyişiklik etidiniz. Buna səbəb nə idi?- Ümumiyyətlə, hər bir azərbaycanlı xanımın evində cürbəcür baş örtüklərinə rast gəlmək mümkündür. Yaraşdığına görə, mən də baş örtüsündən istifadə edirdim. Ancaq bir müddət sonra fərqlilik olsun istədim və imicimdə dəyişiklik etdim.
- Sıxıntılı günləriniz çox olub?- Kifayət qədər sıxıntılı günlər yaşamışam. Ancaq yenə də səbr edib dözmüşəm. Çətinliklərə sinə gərməyi bacarmışam. İndiyə qədər bunu heç yerdə deməmişəm, təsəvvür edin, mən elə bir həddə gəlib çatmışdım ki, artıq arzuladığım məşhurluğu istəmirdim, hər şeydən imtina edib yenidən rayona qayıtmağa hazır idim. Çünki sıxıntılar məni rahat yaşamağa qoymur, rahat işləməyə imkan vermirdi. Sanki iki yol arasında qalmışdım. Ya getməli, ya da qalmalı idim. Sağ olsunlar, yaxın dostlarım məni tək buraxmadılar. Onların təkidi ilə Bakıda qalıb sənətimlə məşğul olmaq qərarına gəldim.
- Bakı sizə nə öyrətdi?- Bakı yaxşı mənada mənim gözümü açdı. Mən şəhərə gəlməmişdən öncə çox sadəlövh idim. Hamıya tez inanırdım. Ancaq Bakıya gəlib müxtəlif tipli, müxtəlif xasiyyətli insanlar gördüm. Məhz Bakı mənə yaxşını pisdən seçib fəqrləndirməyi öyrətdi. Bir də ki burada özümə çox dəyərli və gözəl dostlar qazandım.
- Sıxıntılı günlərinizin çox olduğunu deyirsiniz. Hansı baxımdan sıxıntı çəkirdiniz?- Həm maddi, həm də mənəvi.
- Nə ilə bağlı idi o mənəvi sıxıntılar?- Bu barədə ətraflı danışmaq istəmirəm. Çünki o sıxıntılar sırf mənimlə bağlı, mənim özümə aid olan sıxıntılar olub.
- Həmin çətinliklərin yaranmasında həyat yoldaşınızın da rolu var idi?- Hardasa onun da payı var idi... Ancaq o zamankı sıxıntılarımı, çətinliklərimi sırf keçmiş həyat yoldaşımla əlaqələndirmək olmaz. Ümumiyyətlə, insana bir ziyan gələndə səbəbi həmişə ətrafdakılarda axtarır. Amma mən etiraf edirəm ki, çətinliklər görməyimdə öz etdiyim səhvlərin təsiri də az olmayıb.
- Ayrılmaq qərarını siz verdiniz?- Bəli, mən verdim. Məncə, lazım olan bu idi. Ayrılmağa məcbur idim...
- Bəs indi nəyə məcbursunuz?- İndi heç nəyə məcbur deyiləm. Mən Allahın buyurduğu yolla, Ona qul kimi yaşadığım üçün içimdə bir azadlıq var. Məhz bu azadlıq məni heç nəyə məcbur olmağa sövq etmir.
- Həyatın “şirin”liyini nədə görürsünüz?- Bu gün mənim on minlərlə pərəstişkarım var. Bu gün Azərbaycan estradasında bir Tünzalə Ağayeva dəsti-xətti var. Mənim bəstələdiyim hər hansı mahnını başqa bir müğənni ifa etsə də, tamaşaçılar həmin mahnının mənə məxsus olduğunu dərhal müəyyən edə bilirlər. Mənim üslubumu fərqləndirməyi bacarırlar. Bir müğənni üçün bundan gözəl nə ola bilər? Tamaşaçı sevgisi və dəstəyi mənə zövq verir. Mən sanki bununla həyatın dadını, ləzzətini çıxardıram.
- Mənim hər şeydən məlumatım olsa idi, sizə nədən danışmağımı istərdiniz?- Allahdan...
- Tünzalə Ağayeva olaraq Azərbaycan musiqisi üçün nə etmək istəyirsiniz?- Gələcəkdə özümə aid bir məktəb yaratmaq istəyirəm. Hansı ki o məktəbdə mənim tələbələrim, davamçılarım yetişsin. İnanın ki, bu gün mənə çox sayda gənclər müraciət edirlər. Onların hamısını bir yerə yığıb bildiklərimi onlara aşılamaq üçün bir kurs, bir məktəb açmaq arzusundayam.
- Yaradıcılığınızla bağlı hansı yeniliklər var?- Yeni mahnılar üzərində işləyirəm. İnşallah, yaxın zamanlarda dinləyicilərin ixtiyarına verməyi planlaşdırıram. Bundan başqa Türkiyənin Dövlət Televiziyasında - “TRT MUSİC” kanalında canlı yayımlanacaq “Bir səsin cazibəsi” adlı yeni bir verilişin aparıcılığının mənə həvalə olunması planlaşdırılıb. Hər həftə on nəfərdən ibarət heyətlə Bakıdan Türkiyəyə səfər edəcəyik. Bu verilişin əsas qayəsi həm mənim öz yaradıcılığımı, həm milli musiqimizi, həm də türk dünyasına məxsus olan müxtəlif növ və janrlı mahnıları dünyanın bir çox ölkəsinə tanıtdırmaqdan ibarətdir. Sözügedən veriliş Azərbaycan və Türk musiqisinin təbliğatı üçün gözəl və əlverişli bir vasitə olacaq.
Milli.Az