Azərbaycan Müdafiə Nazirliyi: “ABŞ səfirinin görüşdə dediyi sözlər olduğu kimi verilib”

Müdafiə Nazirliyi oktyabrın 14-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlamasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda deyilir: “Biz buna təəssüfümüzü ifadə edirik. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, rəsmi məlumatın səfirə aid olan hissəsində heç bir təhrifə yol verilməyib, onun sözləri olduğu kimi yayılıb. Əgər səfirlik mövqeyində israr edərsə, Müdafiə Nazirliyi səfir Riçard Morninqstarın fikirlərinin audio yazısını təqdim etməyə hazırdır.

Müdafiə Nazirliyinin mətbuat xidməti görüş zamanı heç bir qeyri-dəqiqliyə və doğru olmayan fikirlərin yayılmasına yol vermədiyini bir daha bəyan edir”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri