Azərbaycan DİN-in nümayəndəsi Orxan Zeynalovun saxlanılmasını əks etdirən videogörüntülərə münasibət bildirib

Azərbaycan DİN-in nümayəndəsi Orxan Zeynalovun saxlanılmasını əks etdirən videogörüntülərə münasibət bildirib “Azərbaycan Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun cinayət işinin istintaqı ilə yaxından maraqlanır”. Bunu APA-ya açıqlamasında Azərbaycan DİN-in Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.

Onun sözlərinə görə, cinayəti törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalov ilkin dindirmə zamanı törətdiyi cinayəti artıq etiraf edib: “Hazırda istintaq gedir. Orxan Zeynalov onu saxlayan hüquq-mühafizə orqanlarının əməkdaşlarına törətdiyi cinayəti etiraf edib. Onunla üzləşmə keçiriləcək. Cinayət baş verən zaman Yeqor Şerbakovun yanında rəfiqəsi olub. Həmin qızla Orxan Zeynalovu üzləşdirəcəklər. Onun qətli içkili vəziyyətdə törətdiyi və digər məlumatlar hazırda Rusiya istintaq orqanları tərəfindən araşdırılır”.

E. Səmədov Orxan Zeynalovun Azərbaycan vətəndaşı olduğunu, Şəmkir rayonunun Seyfəli kəndində qeydiyyatda olduğunu da söyləyib: “Qətldə təqsirləndirilən şəxs Azərbaycan vətəndaşı olduğundan, həm Rusiyadakı səfirimiz, həm də Azərbaycanın Daxili İşlər Nazirliyi cinayət işinin istintaqı ilə yaxından maraqlanır. Dünən Moskva Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin tərəfindən Orxan Zeynalovun Azərbaycanda da qətl maddəsi ilə axtarışda olması barədə fikirlər səslənib. Bildirmək istəyirəm ki, bu yanlış məlumatdır. Orxan Zeynalov Azərbaycanda heç bir maddə ilə axtarışda olmayıb”.

Azərbaycan DİN-in nümayəndəsi Orxan Zeynalovun Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması prosesini əks etdirən videogörüntüləri də şərh edib: “Orxan Zeynalov törətdiyi əməli etiraf edib. Onun əməlinə görə Moskvada minlərlə azərbaycanlı hazırda əziyyət çəkir. Biz istintaqın gedişi ilə maraqlanırıq. Əgər Orxan Zeynalovun bu cinayətdə əməli sübuta yetirilməzsə, onda çəkilən videogörüntülərin nümayişi ilə bağlı məsələyə müdaxilə etmək olar. Onun əməli bütün ölkədə rezonansa səbəb olub. Qətlin baş verdiyi rayonun sakinləri ayağa qalxıb. Ayağa qalxan sakinləri sakitləşdirmək lazımdır”.

E. Səmədov bildirib ki, Rusiya telekanallarının bu hadisədən şou düzəltməsi anlaşılmazdır: “Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir. Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir “Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub” xəbərini vermək, əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa düşmək olmur”.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri