Azərbaycanlı hüquq müdafiəçi Orxan Zeynalovla bağlı beynəlxalq təşkilatlara müraciət edib
- 17.10.2013, 15:18,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Rusiyada həbs edilən Orxan Zeynalovla bağlı beynəlxalq təşkilatlara müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bir neçə gün bundan əvvəl Azərbaycan vətəndaşı, 1984-cü il təvəllüdlü Orxan Zeynalovun Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində həbs olunduğu xatırladılıb: “Orxan Zeynalovu Moskvanın Qərbi Biryulevo rayonunda yaşayan 25 yaşlı İqor Şerbakovun ölümündə təqsirli bilirlər.
Lakin biz ehtimal edirik ki, Orxan Zeynalov işgəncə və qeyri-insani rəftar altında məcburi etirafedici ifadələr verib, törətmədiyi cinayəti boynuna alıb. Bütün sosial şəbəkələrdə onun işgəncəyə məruz qalması görüntülərlə öz əksini tapıb. Hesab edirik ki, bu, BMT-nin və Avropa Şurasının işgəncələrə qarşı konvensiyalarının pozulması halıdır, beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir. Sizdən xahiş edirik ki, müdafiəsiz qalmış Azərbaycan Respublikası vətəndaşı Orxan Zeynalova beynəlxalq hüquq normaları çərçivəsində və sizin aidiyyəti komitələrin vasitəsilə yardım göstərəsiniz ”.
E. Behbudov APA-ya açıqlamasında müraciətin BMT-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Bakı ofisinin rəhbərliyinə, Avropa Şurasının Bakıdakı nümayəndəliyinə, ingilis dilinə tərcümə olunmuş variantının isə BMT-nin İşgəncələrə Qarşı Komitəsinə və ATƏT-in İşgəncələrə Qarşı Komitəsinə göndərildiyini bildirib.