Monako knyazı Azərbaycanın Venesiya Biennalesindəki pavilyonunda olub

Monako knyazı Azərbaycanın Venesiya Biennalesindəki pavilyonunda olub Monakonun hakim knyazı II Alber Azərbaycanın 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən pavilyonu ilə tanış olub. Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Xatırladaq ki, Azərbaycanın Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən "Ornamentlər" pavilyonu iyunun 1-də açılıb. Pavilyonda Azərbaycanın 6 müasir rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Bunutay Haqverdiyev və Fərid Rəsulovun müasir incəsənət nümunələri vasitəsi ilə milli mədəni irsimiz təqdim edilir.

Qeyd edək ki, Venesiya Biennalesində 2007-ci ildən iştirak edən Azərbaycan hər dəfə fərqli ekspozisiyaları ilə tamaşaçıların marağına səbəb olur. Azərbaycanın builki pavilyonu isə 88 iştirakçı ölkə arasında ilk beşlikdə yer alaraq möhtəşəm pavilyonlar sırasına daxil edilib.

Monakonun knyazı II Alber "Ornamentlər" devizi altında təqdim edilən pavilyonun Azərbaycanın tarixi və mədəni irsi barədə zəngin təəssürat yaratdığını qeyd edərək, bu cür sərgilərin ölkələrin tanıdılması baxımından önəmli rol oynadığını bildirib. Venesiya Biennalesində milli pavilyonlar sırasında yeganə Azərbaycan sərgisində olan knyaz II Alber taxta lövhələrdən hazırlanmış "Ornament" instalyasiyasının, burada Şərq və Qərbin simvollarının dili ilə müxtəlif xalqların mədəniyyətlərinin oxşarlıqlarının, həm də özünəməxsusluqlarının vurğulanmasının tamaşaçıda yaddaqalan təəssürat yaratdığını bildirib.

Monako knyazı Azərbaycanın artıq qədim tarixi ilə yanaşı, müasir incəsənəti ilə də dünyada tanındığını diqqətə çatdırıb və müxtəlif xalqların bir-birinə daha da yaxınlaşması üçün bu cür layihələrin önəmli olduğunu qeyd edib. II Alber gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Xatırladaq ki, Azərbaycanın 55-ci Venesiya Biennalesindəki milli pavilyonu noyabrın 24-dək davam edəcək.


Monako knyazı Azərbaycanın Venesiya Biennalesindəki pavilyonunda olub
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri