Bakıda adi gözlə müşahidə edə biləcəyimiz Günəş tutulması olacaq

Bakıda adi gözlə müşahidə edə biləcəyimiz Günəş tutulması olacaq Noyabrın 3-də insanlar Bakıda Günəş tutulmasını müşahidə edə biləcəklər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, oktyabrın 18-dən 19-a keçən gecə saat 2.51-də Ay tutulması müşahidə edilməyə başlayacaq. Ay tutulması saat 6.48-də sona çatacaq. Yarımkölgəvari olacaq budəfəki Ay tutulması şimal yarımkürəsində müşahidə ediləcək. Bu tutulma adi gözlə müşahidə edilməyəcək. Prosesi yalnız çox həssas cihazlar qeydə ala bilərlər.
Direktor müavini deyib ki, noyabrın 3-də Günəş tutulması saat 14.06-da başlayacaq, 19.28-də sona çatacaq. Günəş tutulması əsasən ekvator boyunca özünü göstərəcək, Afrika, Amerikanın bir hissəsini əhatə edəcək. Bakıda isə Günəş tutulması noyabrın 3-də saat 17.24-də müşahidə ediləcək: "Bakıda Günəş tutulması axşam tərəfi - günün batmasına 5-10 dəqiqə qalmış müşahidə ediləcək. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Bu qaraltı Ayın Günəşin qarşısını kəsdiyi hissədir. Biz onu təxminən 8-9 dəqiqə ərzində gözlə müşahidə edə biləcəyik".

X.Mikayilov bildirib ki, Azərbaycanda Günəş tez - təxminən 17.30-da batdığı üçün tutulma hadisəsinin sona çatmasını görmək mümkün olmayacaq.
Direktor müavininin sözlərinə görə, Günəş tutulmasını adi gözlə müşahidə etmək mümkün deyil. Çünki bu, çox təhlükəlidir. Günəş tam tutulduqda isə bu təhlükə daha da artır. Bunun üçün xüsusi eynəklərdən istifadə etmək laızmdır: "Adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".

X.Mikayılovun sözlərinə görə, Günəşdən fərqli olaraq, Ay tutulmasını adi qaydada müşahidə etmək göz üçün ziyanlı deyil: "Ay tutulmaları gecə baş verir. Gecə isə Aya baxmaq mümkündür. Bu halda gözə elə bir ziyan olmur. Ancaq teleskopla Aya baxdıqda gözə ziyan olur. Çünki teleskop Ayın parlaqlığını artırır".
X.Mikayılov bildirib ki, Ay, Günəş tutulmaları gözlə görüldükdə insanlara yalnız psixoloji baxımdan təsir edə bilər. Bu hadisələrin insan səhhətinə başqa heç bir təsiri olmur.
Şərhlər
Sosial bölməsinin xəbərləri

Maraqlı bölməsinin xəbərləri