Azərbaycan Respublikasının Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin oktyabrın 19-da Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilir.

Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edirlər.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə, gurultulu və sürəkli alqışlarla qarşıladılar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək dedi: "Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içdi: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!"

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü".

Azərbaycanın dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söylədi.

Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və dəfələrlə sürəkli alqışlarla qarşılandı. Azərbaycanın dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparıldı.

Bununla da andiçmə mərasimi başa çatdı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri