Azərbaycandakı bütün reklamlarla bağlı monitorinqlər aparılacaq
- 21.10.2013, 13:14,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycandakı bütün reklamlarda ədəbi dilin istifadəsi ilə bağlı vəziyyəti öyrənmək üçün monitorinqlər aparılacaq. Bunu Trend-ə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev deyib.
Onun sözlərinə görə, monitorinqlər bütün KİV-də yayımlanan, küçələrdə yerləşdirilən və s. reklamları əhatə edəcək.
H.Zərbəliyev bildirib ki, monitorinqlərin aparılması üçün İşçi qrupların formalaşması məsələsi yaxın günlərdə müzakirə ediləcək. Qruplar formalaşan kimi bu işlərə artıq başlanacaq.
İşçi qrupun sədr müavini reklamlarla bağlı monitorinqlərin aparılması üçün mütəxəssislərə də ehtiyacın olduğunu söyləyib: "Bu işə hər kəsi cəlb edə bilmərik. Biz mütəxəssislər axtarırıq. Mütəxəssis axtarışı da xeyli vaxt tələb edir. Ancaq çalışırıq ki, məsələ operativ həll edilsin".
H.Zərbəliyev qeyd edib ki, monitorinqin nəticələri əsasında müəyyən məlumatlar toplandıqdan sonra onlar sistemləşdirilərək reklamların yerləşdirilməsinə məsul olan təşkilatlara təqdim ediləcək və onlara nöqsanların aradan qaldırılması tapşırılacaq.