Azərbaycan parlamenti Moskvada Orxan Zeynalovun həbsi ilə bağlı məsələni müzakirə edib
- 22.10.2013, 13:26,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsi ilə bağlı məsələ müzakirə olunub.
APA-nın məlumatına görə, deputat Fazil Mustafa Moskvada miqrantlara qeyri-qanuni təzyiqləri pisləyərək, buna qarşı digər ölkələrlə birgə fəaliyyət göstərməyi təklif edib.
O qeyd edib ki, xüsusilə türkdilli ölkələr bu sahədə fəaliyyətini koordinasiya etməlidirlər: “Çünki Rusiyada yaşayan ən çox miqrant məhz bu ölkələrdəndir. Biz yalnız birgə səyimiz nəticəsində bu problemin daha effektiv formada həllinə nail ola bilərik”.
Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, bu məsələyə ciddi reaksiya verilməli, Milli Məclis Rusiya Dövlət Dumasına müraciət ünvanlamalıdır. Onun sözlərinə görə, dünyanın heç bir yerində miqrantlara qarşı belə münasibət yoxdur. S.Rüstəmxanlı Rusiyadakı azərbaycanlı milyarderlərin bu məsələyə laqeyd münasibətinə etirazını bildirib: “Öz şəxsi biznes maraqlarını həmin milyarderlər Vladimir Putinlə görüşüb müzakirə edirlər. Lakin bu cür problem ortaya çıxanda onlar belə görüş keçirmirlər. Həmin şəxslərin imkanı var ki, Moskvada ən böyük bazarı tikərək bütün soydaşlarımızı oraya toplasın, iş versin. Bir müddət əvvəl Rusiyada milyarderlər bir araya toplaşmışdı. İndi bəs niyə səsləri çıxmır? Rusiya miqrantları ABŞ üçün problemdir. Rus mafiyası Amerikanı, Hindistanı pis vəziyyətə qoyub. İndi biz də o ölkələrə dəstək olaq?”
Deputat Fəzail Ağamalı qeyd edib ki, bu hadisə Kreml tərəfindən koordinasiya olunur: “Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək üçün Rusiya hakim dairələri ad bir məişət hadisəsindən Azərbaycana qarşı istifadə etdilər”.
Deputat Qənirə Paşayeva də bu hadisəni pisləyərək, bunun Azərbaycana qarşı ciddi ayrı-seçkilik olduğunu vurğulayıb: “Bu, Rusiyanın özünə də qarşı ağır nəticələr verə bilər. Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupu bu məsələ ilə bağlı Rusiya Dövlət Duması ilə danışıqlara başlamalıdır”.
Spiker Oqtay Əsədov isə bildirib ki, dostluq qrupu bu məsələ ilə məşğul olur: “Biz də artıq bu məsələnin üzərinə getməyə başlamışıq və iş gedir”.