Bundan sonra hamilə qadınların uşaqlarını qeysər kəsiyi əməliyyatı yolu ilə dünyaya gətirməsinə yalnız həkimlə xəstə qərar verməyəcək. Bununla bağlı qərarı tibb müəssisələrində yaradılmış konsiliumlar verəcəklər. Bunu Trend-ə Milli Məclisin (MM) Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı sözlərinə görə, MM tərəfindən "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən, qeysər kəsiyi əməliyyatına dair tibbi göstərişlər müvafiq orqan tərəfindən müəyyən edilməlidir.
Millət vəkili deyib ki, bütün səhiyyə müəssisələrində konsiliumlar var. Qeysər kəsiyi əməliyyatına da bu konsiliumun qərarı əsasında icazə verilməlidir. Yalnız bu qərar olduqdan sonra əməliyyat aparıla bilər: "Bəzən ana uşağının təbii yolla deyil, qeysər kəsiyi əməliyyatı ilə dünyaya gətirilməsini istəyir. Bəzi hallarda isə həkim təkcə özü bu əməliyyatın araılması ilə bağlı qərar verir. Ancaq bu, düzgün deyil".
M.İbrahimqızı əlavə edib ki, bəzən doğuş zamanı ana və uşağın sağlamlığı üçün gözlənilməz, ciddi təhlükə yaranır və təcili olaraq qeysər kəsiyi əməliyyatı aparılır. MM üzvünün sözlərinə görə, bu halda da əməliyyatın həyata keçirilməsinə konsilium qərar verməlidir.
Hamilə qadının həkim nəzarəti altında olmasını vacib sayan M.İbrahimqızının sözlərinə görə, hamiləliyin gedişatı zamanı artıq doğuşun necə olacağı müəyyən oluna bilər. Qadın məsləhətxanasının isə qadının hamiləlik müddəti, doğuşun necə ola biləcəyi ilə bağlı təxmini hesabatı olmalıdır: "Bu hesabatda artıq ilkin rəy verilir ki, uşaq təbii yolla dünyaya gələ bilər, ya yox. Bu, qanunla əvvəl də belə olub, indi də belədir. Sadəcə olaraq, indi bunların həyata keçirilməsinə məsuliyyətsiz yanaşma var".
M.İbrahimqızı bildirib ki, son illərdə yalnız Azərbaycanda deyil, bütün ölkələrdə qeysər kəsiyi əməliyyatına üstünlük vermə tendensiyası müşahidə edilir. Hətta Avropada dünyaya uşaq gətirən qadınların çox hissəsi qeysər kəsiyi əməliyyatını seçir: "Son illərdə Azərbaycanda da bu işə çox məsuliyyətsiz yanaşılır. Həkimlə xəstə bu əməliyyatın aparılmasına qərar verir. Hətta çox vaxt xəstə israr edir ki, bu əməliyyat aparılsın. Elə düşünür ki, bu əməliyyat ziyansızdır".
Qeysər kəsiyi əməliyyatını həm ana, həm də uşağın sağlamlığı üçün çox ciddi travma sayan deputat hesab edir ki, qanuna edilən yeni dəyişiklik həm məsuliyyəti artırar, həm ana və uşaq ölümü hallarının qarşısını alar, həm də onların sağlamlığının daha da gücləndirilməsinə böyük təkan verər. Ancaq bununla yanaşı, təbii doğuşun üstünlükləri ilə bağlı maarifləndirmə işləri geniş aparılmalı, qeysər kəsiyi əməliyyatına qarşı ictimai qınaq olmalıdır.
Komitə üzvü bildirib ki, bu gün qeysər kəsiyi əməliyyatları həm dövlət doğum xəstəxanalarında, həm də doğuşun və cərrahiyyə əməliyyatının aparılması üçün lisenziya alan özəl tibb müəssisələrində aparılır. M.İbrahimqızının fikrincə, ancaq indi özəl müəssisələrdə buna nəzarəti artırmaq lazımdır: "Çünki son zamanlar xəstələrlə bağlı gözlənilməz hallar baş verir, şikayətlər olur. Lisenziyaları olmasına baxmayaraq, Səhiyyə Nazirliyi özəl müəssisələri də dövlət müəssisələri kimi daim nəzarətdə saxlamalıdır".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hazırda da qeysər kəsiyi əməliyyatı aparılması ilə bağlı həkim çətin vəziyyətdə qalarkən konsiliumun rəyini nəzərə alır. Ancaq bəzən açıq tibbi göstərişlər olduqda buna ehtiyac qalmır. Əgər qanun təsdiqlənərsə, onda bütün keysər kəsiyi əməliyyatları konsiliumun qərarı əsasında həyata keçirilməli olacaq.