«Akkord» Korporasiyası rəhbərlikdə baş verən dəyişikliklərlə əlaqədar açıqlama yayıb

«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC şirkətin baş direktoru Xaqani Quluzadənin yerli mətbuatda vəzifəsindən istefa verməsi xəbəri ilə əlaqədar açıqlama yayıb. Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X.Quluzadənin vəzifəsindən getməsi London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (London School of Economics and Political Science, LSE) «Executive Global Masters in Management» proqramı üzrə təhsilini davam etdirməsi ilə əlaqədardır.

Məlumata görə, bu məsələ ilə əlaqədar bəzi mətbuat orqanlarında Korporasiyanın baş direktorunun işdən çıxarıldığı və Korporasiyanın səhmdarı İlqar Hacıyevin «Akkord» rəhbərliyinə geri döndüyü barədə xəbərlər yayılıb. Bununla əlaqədar şirkət rəsmən bildirilib ki, əslində İ.Hacıyev «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin səhmdarlarındandır və 2010-cu ildən «Akkord»un ölkə xaricində icra etdiyi layihələrə nəzarət edir. O, Korporasiyanın səhmdarlarının ümumi yığıncaqlarında hər zaman iştirak edib, baş direktor X.Quluzadənin vəzifələri isə Göksəl Aybekə ötürülüb və onun iclasda iştirakı da adi hüquqi proseduradır.

Qeyd edək ki, hazırda şirkətdə baş direktorun səlahiyyətlərini Göksel Aybek icra edir. O, 1959-cu ildə anadan olub, Türkiyənin Erciyez Universitetinin mühəndislik fakültəsini «Makina mühəndisliyi» ixtisası üzrə bitirib.

G.Aybek 2012-ci ildə «Akkord» Korporasiyasında əmək fəaliyyətinə başlayana qədər 36 il ərzində Türkiyənin bir sıra iri şirkətlərində («Guris Holding», «Nuh sement» Qrupu, ACT, «AS Sement» Qrupu, OEMAG) direktor və İdarə Heyətinin üzvü kimi vəzifələrdə çalışıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri