Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan layihələrin həyata keçirilməsi üzrə Dövlət Komissiyası yaradılıb

Prezident İlham Əliyev Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Dövlət Komissiyası aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir, Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri