Mixail Saakaşvili: İvanişvili məni həbslə hədələyib

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, Bidzina İvanişvilinin hökumətindəki məmurlar prezidentlik müddəti bitəndən sonra onu məhkəmə çəkişməsi ilə hədələyiblər.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Saakaşvili oktyabrın 29-da Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşüb.

Gürcüstan prezidentinin sözlərinə görə, ona hədə-qorxu gələn hökumət üzvləri hətta onun saxlanılacağı konkret həbsxananı da qeyd ediblər. Saakaşvili onun həbsinin Gürcüstan-Rusiya münasibətlərinin normallaşdırılmasının şərtlərindən biri olduğunu hesab edir.

“Mən düşünürəm ki, bu bizim demokratik Avropa gələcəyimizə uyğun deyil. Bu gürcü xalqının iradəsinə və demokratiyanın ruhuna ziddir”, deyə Saakaşvili qeyd edib.

Joze Manuel Barrozu isə, öz növbəsində, qeyd edib ki, Gürcüstan hökuməti ədaləti bu cür seçmə yolla müəyyən etməkdən boyun qaçırmalıdır.

Qeyd edək ki, hazırkı prezidentin səlahiyyətləri seçkilərdə qalib gəlmiş Georqi Marqvelaşvilinin andiçməsindən sonra dayandırılacaq. İnauqurasiya noyabrın 17-də təyin olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri